Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib


16:11     25 Noyabr 2021 21_11_25_1637840188.jpg

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru Birgitte Bischoff Ebbesen ilə görüşüb.

Femida.az -ın məlumatına görə, toplantıda Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyi vurğulanıb.

Milli Məclisin sədri qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın azərbaycanlı itkin düşüb: "Bu gün də onların taleyindən xəbər yoxdur".

S.Qafarova xatırladıb ki, Birinci Qarabağ müharibəsi nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: "Bu gün onların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması və öz torpaqlarına qaytarılması Azərbaycan üçün prioritet məsələdir".

Parlamentin sədri qeyd edib ki, artıq "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur və münaqişə bitib: "Bəzi beynəlxalq təşkilat təmsilçiləri tərəfindən bu ifadənin işlədilməsi qəti yolverilməzdir. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır".

O, görüş çərcivəsində Ermənistanın bütün beynəlxalq qanunları pozaraq mina xəritələrinin hələ də Azərbaycana təhvil vermədiyini də Birgitte Bischoff Ebbesenin diqqətinə çatdırıb.

Qeyd edək ki, S.Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiyada səfərdədir.

Açar sözlər:

Oxunub: 633