Cəlilabadda qətl törədən icra hakimiyyətinin işçilərinin məhkəməsi başlayıb


19:33     25 Noyabr 2021 21_11_25_1637851229.jpg

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda qətl törətməkdə təqsirləndirilən Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Famil Mahmudovun, Seyidbazar kəndi üzrə nümayəndəsi Zeydulla İsmayılovun və Türkiyə vətəndaşı Mehmet Ali Kurtoğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Femida.az -ın xəbərinə görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 26-na təyin edilib.

Qeyd edək ki, bu il aprelin 18-də Cəlilabad rayon sakini, 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlər”lə açılması təmin edilib. İtkin düşən şəxsin qəsdən öldürülməsi müəyyən olunub.

Araşdırmalarla Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi F.Mahmudov, Seyidbazar kəndi üzrə nümayəndəsi Z.İsmayılov və Türkiyə vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Ə.Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

F.Mahmudov, Z.İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Açar sözlər:

Oxunub: 456