"Tenderlərdə kimin qalib olacağına, evlərin kimə veriləcəyinə Əli Həsənov qərar verirdi"- MƏHKƏMƏ


19:38     25 Noyabr 2021 2021/11/5b2178d672d3aef76af361c37e3e4821_1637852433.jpg

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Femida.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.

Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

Bu gün baş tutan prosesdə şahid qismində KİVDF-nin aparıcı məsləhətçisi olmuş Samir Mustafayev dindirilib.

Vəkillərin suallarını cavablandıran S.Mustafayev bildirib ki, V.Səfərli ona qanunsuz tapşırıq verməyib. O həmçinin deyib ki, Vüqar Səfərlinin qanunsuz tapşırıq verməsinin də şahidi olmayıb.

"Tender komissiyasında verilən təkliflər qanuna uyğun keçirilib. Lakin təkliflərlə bağlı zərflərə iclasda baxılmayıb. Konkret iştirakçılar, yəni tenderdə eyni şirkətlər olub. Biz orada işçi olmuşuq. Nəyəsə müdaxilə edə bilməzdik. Vüqar müəllimlə yaxşı münasibətim var, heç bir qərəzim yoxdur. İşdə mühasib deyirdi ki, tədbirlərlə bağlı sənədlərə qol çəkməlisən. Mən də qol çəkmişəm. Məni də əmin ediblər ki, burada qanunsuz bir məsələ yoxdur"

Hakim qeyd edib ki, şahidin istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var.

S. Mustafayev jurnalistlərlə bağlı tikilən binalarda tenderlərin necə keçirilməsini belə izah edib:

"Həmin işlər Əli Həsənova yaxın şirkətə verilib. Binalarla bağlı məktublar yazılıb, tenderdən kənar şirkətlərlə müqavilələr bağlanıb. Tender komissiyası yarananda iki binanın təməli qoyulmuşdu. Ümumiyyətlə, tenderlərdə hansı şirkətin qalib olacağını Əli Həsənov qərarlaşdırırdı.

Mənzillərin kimə verilməsinin Vüqar müəllimə bağlılığı yoxdur. Əli müəllimin şöbəsi baxaraq bizə göndərib. Qəzetlərə maliyyə yardımı normal qaydada həyata keçirilib. Həmin siyahı da Əli Həsənovun şöbəsində razılaşdırılırdı. Maliyyə yardımı ayrılan qəzetlər gündəlik ictimai-siyasi və idman qəzetləri idi. Sonradan idman qəzetləri çıxarıldı".

Onun sözlərinə görə bəzi qəzetlərin tirajı saxta arayışlarla qaldırılıb ki, maliyyə yardımı ayrılsın: "Maliyə yardımı düşmürdü. Buna görə onların tiraj sayı arayışda çoxaldılırdı".

V.Səfərli şahidin bu məsələlərin çoxundan xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib. Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.

Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub. Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Açar sözlər:

Oxunub: 470


Oxşar xəbərlər