Niyə “multikulturalizm ili”?


20:43     11 Yanvar 2016 multi.jpg

“Dünya dövlətləri Azərbaycandan örnək götürəcək”.


Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Millət vəkili bildirdi ki, ölkə başçısı bu addımla, əslində, bütün dünyaya müsbət bir töhfə vermiş oldu:

“Azərbaycan mədəniyyətlərarası dialoqun birmənalı olaraq təşəkkül tapdığı nadir ölkələrdəndir. 2016-cı ilin “multikulturalizm ili” elan olunması isə çox unikal bir hadisədir. Əsrlər boyu Azərbaycanda multikulturalizm ənənələri mövcud olub. Bu, danılmaz faktdır. Ölkə prezidenti 2016-cı ili “multikulturalizm ili” elan etməklə, əslində, bütün dünyaya müsbət töhfə vermiş oldu. Sivilizasiyalararası dialoqun baş tutmadığı bir dövrdə belə bir addımın atılması çox mütərəqqi bir haldır. Sözsüz ki, 2016-cı ildə həmin məqsədə xidmət edən çoxşaxəli tədbirlər görüləcək. Nəticədə, dünya dövlətləri Azərbaycandan örnək götürəcək”.

Fəzail Ağamalı onu da vurğuladı ki, bu qərar, Azərbaycanla bağlı daima qərəzli mövqe nümayiş etdirən qüvvələrə də bir cavab oldu:

“Güman edirəm ki, Azərbaycanla bağlı daima qərəzli mövqe nümayiş etdirən qurum və şəxslər artıq öz əməllərindən peşman olacaqlar. Bu gün bəzi üzdəniraq qüvvələr Azərbaycanı arzuolunmaz formada təqdim edirlər. Azərbaycanın bu addımı bir növ həmin qüvvələrə də bir cavab oldu. Bu addımla bir daha sübut olundu ki, Azərbaycan tolerant ölkədir və bütün dinlərə, qeyri-millətlərə qarşı eyni münasibət mövcuddur”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda “multikulturalizm ili” elan olunması haqqında sərəncam imzalayıb.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1480