"Ata Abdullayevə quzu təklif etdim, razılaşmadı, 10 min manat istədi" - Bələdiyyə sədri


12:38     30 Noyabr 2021 2021/11/0AFD5D8C-A78A-40F2-808B-6F53A82BBEE9_1638263495.png

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Masazır qəsəbə bələdiyyəsinin sədri Şahlar Həsənov bildirib ki, sentyabr ayının əvvəli ona zəng edib deyiblər ki, Ata Abdullayev məişət tullantılarının daşınmaması ilə bağlı çəkiliş edir.

"Tez həmin əraziyə getdim. Həqiqətən də orda artıq tullantılar var idi. Canlı yayımda onunla mübahisəmiz yarandı. Ona bildirdim ki, burada məişət tullantıları yoxdur, evdə aparılan təmir işlərindən çıxan söküntülərdir. Çəkiliş gedə-gedə yığışdırıldı. Özü canlı yayında da bunu dedi.

Masazırda 100 minə yaxın sakin yaşayır, texnika çatdırmır. İstismar müddəti başa çatmış texnikadır. Cəmi 4 maşın var. Ata Abdullayev yenə də sakitləşmədi.

Çəkilişləri mütəmadi olaraq davam etdirdi.

Bir gün onunla görüşüb vəziyyəti izah etdim. Xahiş etdim ki, bu işləri dayandırsın. Tez-tez çəkilişlərdə rayon rəhbərliyinin adını hallandırırdı.

Ona bununla bağlı irad bildirəndə dedi ki, o arvad (Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova) bizi saymır.

Mənə müəyyən məbləğ dedi, məndə ona bildirdim ki, mən gündə 50-60 arayış verirəm, baxın görün arayışların birindən 1 manat gəlirim varsa, onda siz deyən məndə olardı.

Mən maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatar ki, bir quzu kəsdirim verim sənə apar balalarına. Ona da razılaşmayaraq etiraz etdi. Məndə məcbur olub DTX-ə müraciət etdim", - deyə zərərçəkmiş bildirib.

Ata Abdullayev sualları cavablandırarkən məlum olub ki, o, Şahlar Həsənovdan 10 min manat istəyib:

"Ona dedim ki, a, kişi nə danışırsan... Sonra məbləğ 6 minə düşdü. Qərəzim olsa deyərəm ki, 6 mini vermişəm, amma verməmişəm axı.

Niyə verməli idim axı! Ata Abdullayevlə bir neçə dəfə telefonla danışmışam. Telefonla məndən pul istəməyib.

Bir dəfə restoranın yanında görüşdük onda pul istədi".


Femida.az

Açar sözlər: #Məhkəmə    

Oxunub: 305