Bakıda binaların blokunda narkotik satan şəxsin məhkəməsi başlayır


13:52     04 Dekabr 2021 21_12_04_1638604395.jpg

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Murad Əsədzadənin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Femida.az -IN xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2021-ci ilin yayında sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən videogörüntülər yayılıb.

Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən videogörüntülərdəki şəxs paytaxt sakini M.Əsədzadə saxlanılıb. Onun üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində M.Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib.

Açar sözlər:

Oxunub: 579