Bu il 211 məktəbə direktor təyin olunub


10:12     23 Dekabr 2021 21_12_23_1640238656.jpg

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.

Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir. Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

Müsahibələr Təhsil Nazirliyinin rəhbər şəxslərindən ibarət komissiya üzvlərinin iştirakı ilə həftədə 2 gün keçirilir. Hər müsahibə gününün sonunda nazirliyin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir və onların şəxsi səhifələrinə göndərilir.

Müsahibələrin növbəti 3 ay ərzində davam edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin iyun ayının sonundan etibarən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsində əsas məqsəd prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirməklə şəffaflığın təmin olunması və sağlam rəqabət mühitinin yaradılmasıdır.

Açar sözlər:

Oxunub: 601