Göygöldə qonşusuna armatur parçası ilə xəsarət yetirən şəxsə hökm oxunub


16:30     08 Yanvar 2022 22_01_08_1641636171.jpg

Göygöl rayonunda qonşusuna armatur parçası ilə xəsarət yetirməkdə təqsirləndirilən Nazim Abbaslıya hökm oxunub və o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2020-ci il avqustun 23-də Göygöl şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü N.Abbaslı ilə həmyerlisi və qonşusu, 1980-ci il təvəllüdlü Natiq Niftəliyev arasında mübahisə yaranıb. Bu zaman N.Abbaslı armatur parçası ilə N.Niftəliyevin qarın nahiyəsinə xəsarət yetirib.

Yaralı öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törətməkdə şübhəli bilinən N.Abbaslı özü polis şöbəsinə gedərək təslim olub və barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 261