Şəmkirdə 10 manat borca görə həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub


19:09     08 Yanvar 2022 22_01_08_1641654566.jpg

Şəmkir rayonunda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Arzuman Məmmədova hökm oxunub və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2021-ci il iyunun 23-ü saat 22 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1962-ci il təvəllüdlü Arzuman Məmmədov şəxsi münasibətlər zəminində həmyerlisi və tanışı, 1965-ci il təvəllüdlü Şahmar Qurbanova bıçaqla xəsarət yetirib. Ş.Qurbanov əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, A.Məmmədovun zərərçəkmiş Ş.Qurbanova 10 manat pul borcu olub. Hadisə də borc üstündə baş verib.

Belə ki, Ş.Qurbanov təqsirləndirilən şəxsdən borcunu qaytarmasını istəyib. Nəticədə A.Məmmədov onu bıçaqlayıb.

Açar sözlər:

Oxunub: 508