Beyləqanda sevgilisinin qətlini sifariş edən qadın kassasiya şikayəti verib


19:33     08 Yanvar 2022 22_01_08_1641655469.jpg

Beyləqan rayonunda sevgilisinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqova barəsində olan hökmdən kassasiya şikayəti verib.

Femida.az-ın xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 24-nə təyin edilib.

Kassasiya şikayəti hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb.

Daha sonra məlum olub ki, İ.Fərhadovu qeyri-rəsmi nikah münasibətində olduğu Ə.Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tüfənglə qətlə yetirib. Həmin şəxs meyiti Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb.

Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd “İJ-16” markalı tüfəng maddi sübut kimi götürülüb. İ.Fərhadovun basdırıldığı yer müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla əlaqədar Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əsədov 19 il və Ə.Sadıqova 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Açar sözlər:

Oxunub: 516