Bakıda dayanacaqda qadına hücum edən şəxsə hökm oxunub


16:49     13 Yanvar 2022 22_01_13_1642067402.jpg

Bakıda quldurluqda təqsirləndirilən Teymur Mirzəyevə hökm oxunub, və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin avqust ayının 27-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, T.Mirzəyev dayanacaqda avtobus gözləyən qadına hücum edib.

Məlumata görə, zərərçəkmiş qadın DİN-in “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək avqustun 27-də evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.

Qadın həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını aldığını deyib.

Hadisə ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Mirzəyev saxlanılıb.

O, ifadəsində etdiyi hadisəni etiraf edib.

Açar sözlər:

Oxunub: 432