Bakıda kafedə qətl törədən şəxs məhkəmədə ifadə verib


12:45     19 Yanvar 2022 22_01_19_1642581944.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazov ifadə verib.

Femida.az -ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə o, dindirilən zaman bildirib ki, “Berlin Pub” kafesində mühafizəçi işləyib.

Təqsirləndirilən şəxs deyib ki, kafe rəhbərliyi içəri təllik və corabsız adamların buraxılmamasının tapşırğını vermişdi: “İki həftə idi işə düzəlmişdim. Üç nəfər gəldi, onları orda ilk dəfə idi görürdüm. Bunlardan birində corab yox idi. Mən də ona xəbərdarlıq etdim. Sonra digər yoldaşı ona corab təşkil etdi və onu içəri buraxdım. Sevinc xanım gəlib dedi ki, bunların stolunu başqa şəxslərə vermişik. Onlar da etiraz edirlər. Mülayim şəkildə söylədim ki, sabah gəlin, sizi yüksək səviyyədə yerləşdirəcəyik. Onlardan biri - Valeh adlı şəxs məni çox ağır təhqir elədi, amma yenə də özümü təmkinli apardım. Çünki onlar içkili idi. Yenə də təhqir etdi. Artıq özümə hakim ola bilmədim və onu vurdum.

Daha sonra arxa tərəfdən mənə əl gəldiyini gördüm. Anidən həmin tərəfə kontrolsuz zərbə endirdim, o da mərhum – Vüqar Mustafayevə dəydi. Mənim problemim Valeh Muxtarovla idi. Dedilər ki, mərhum pilləkanlardan yıxılıb, həmin tərəfə qaçdım. Söylədilər ki, Vüqar Mustafayevi tərpətmək olmaz, daha da pis olar. Hadisənin səhəri günü polisə getdim. Bildirdilər ki, o, ölüb. Daha sonra məni əməliyyatçılar apardı”.

O.Şahbazov əməlimdən peşman olduğunu söyləyib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin olunub.

Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 330