Prezident Çarlz Kapçanı qəbul edib


18:07     13 Yanvar 2016 7a4cdc36fc2032dce36ba4eb69a476e852.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib.


Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışıldı, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olundu. Zəngin tarixə malik olan enerji sahəsində əməkdaşlığın ABŞ-ın dəstəyi ilə daha da genişləndirilməsinin önəmi qeyd edildi. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinin əhəmiyyəti vurğulandı, ölkəmizdə gedən demokratik proseslər və bunun perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edildi.

İkitərəfli münasibətlərin hazırkı vəziyyətinin təhlil olunduğu görüşdə əməkdaşlığımızın bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyi bildirildi.

Açar sözlər:

Oxunub: 875