Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ! - Mart ayından...


11:12     23 Yanvar 2022 22_01_23_1642917273.jpg

Dollar ajiotajı səngiyir, bazar canlanır, kim indidən mənzilə pul veribsə, uduşdadır
Azərbaycanda 2020-ci illə müqayisədə 2021-ci ildə əmlak bazarında qiymətlər yüksəlib. Ekspertlər bildirirlər ki, xüsusilə də yeni tikilən binalarda mənzillərin bahalaşması prosesi hələ bundan sonra da davam edəcək. Ona görə də təklif edilir ki, ev almaq istəyənlər çox da fikirləşməsinlər. Çünki hər ötən gün bazarda onları uduzan tərəfə çevirəcək...

Rəsmi rəqəmlərdən görmək olur ki, 2021-ci ildə Azərbaycanda mənzil bazarında qiymətlərdə ciddi artım qeydə alınıb.

İlk dəfə satışa çıxarılan mənzillərin bazarında isə qiymət artımı daha çox olub.
Bahalaşmanı şərtləndirən amil kimi tikinti materiallarının qiymətinin artması ön plana çəkilir. Statistikadan görmək olur ki, tikintidə istifadə olunan əsas materialların qiyməti 10 faizdən də çox bahalaşıb. Məsələn, tikintinin “çörəyi” olan sement 2020-ci ilin dekabr ayı ilə müqayisədə 2021-ci ilin dekabr ayında 19.2 faiz bahalaşıb. Taxta məmulatlarının qiyməti 2020-ci ilin dekabr ayı ilə müqayisədə 53.3 faiz artıb. 2020-ci ilin dekabr ayı ilə müqayisədə 2021-ci ilin dekabr ayında dam örtüyünün dəyəri 43.8 faiz yüksəlib. Dəmir məmulatları 31,8, daş məmulatları isə 17,1 bahalaşıb. Ümumilikdə, 2020-ci illə müqayisədə tikinti materialları 28,41 faiz bahalaşıb.



Bütün bu faktorlar göstərir ki, bundan sonra yeni tikilən binalardakı mənzillərin və ya yeni tikilmiş həyət evlərinin qiymətinin qalxmaması mümkün deyil...

Onu da bildirək ki, qardaş Türkiyədə də mənzillər sürətlə bahalaşmaqda davam edir. Ekspertlər bildirirlər ki, hazırda pandemiya şəraiti olduğu üçün iş adamları yatırımlarını daha etibarlı olan əmlak bazarına yönəldirlər. Daha sadə dillə desək, əllərindəki valyutanı mənzilə çevirirlər. Bu isə bazarda tələbatı artırır. Hesab edilir ki, növbəti ildə də bahalaşma davam edəcək.



Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, materialların qiymətinin qalxması yeni tikililərin maya dəyərində ciddi rol oynayır:
“Ona görə də qiymətqoyma prosesində fərqli hesablamalar aparılır. Bir də insanların alıcılıq qabiliyyəti var. Qiymətlərin yüksək olması alıcılıq qabiliyyətini aşağı salır. Bu gün şəhərin mərkəzindəki bahalı binalarda mənzil satışı ilə bağlı elanlar daha çoxdur. Zaman-zaman onlar qiymətlərdə endirim də edirlər. Bu, alıcılıq qabiliyyəti ilə bağlıdır. Bahalı mənzillərin satışı zəifdir. Ancaq ucuz mənzillər daha da bahalaşır. Əsasən də MİDA-nın tikdiyi binalarda, Bakının mərkəzindən kənardakı mənzillərdə qiymətlər artır. Halbuki əvvəllər bu mənzillər daha da ucuz idi. Bu tip mənzillərin kvadratmetri 350 manatdan 700 manata qədər bahalaşıb. Kiçik mənzillərə tələbat çoxdur, qiyməti də artır. Şəhərin mərkəzindəki binalarla bağlı bunu söyləmək olmaz. Bu mənzillərin qiyməti olduqca bahadır və alıcısı da indiki reallıqda çox azdır, və ya yoxdur”.



Musavat.com-un apardığı son araşdırmalar isə ekspertin dedikləri ilə üst-üstə düşmür. Belə ki, Bakının mərkəzində və ona yaxın ərazilərdə inşası başa çatmış və tikilməkdə olan yaşayış binalarında qiymətlər kəsin artıb. Üstəlik bu evlərə maraq və tələbat daha çoxdur. 2021-ci ilin oktyabr-noyabr aylarından bəri Bakının mərkəzi hissəsində tikilən binalarda iki mərhələli qiymət artımı olub. "Ağ Şəhər" layihəsinə daxil olan tikililərdə qiymət ötən ilin oktyabr-noyabr aylarında 1500-1600 manat civarında idisə, hazırda bu qiymətlər 2200-2300 manat arası dəyişir. O ərazilərdə tikinti aparan bəzi şirkətlərin Musavat.com-a bildirdiyinə görə, yenə bahalaşma olacaq.



Bəs ikinci əl mənzil satışında vəziyyət necədir? Əmlak bazarı ekspertlərinin və vasitəçilərin dediyinə görə burda da qiymət artımı gedir. Sadəcə ikinci əl, daha doğrusu yaşayış olan binalarda qiymətlər ona görə kəskin artmır ki, tikintiyə pul xərcləmirlər. Amma yeni tikilən binalardakı qiymət artımı ümumilikdə daşınmaz əmlak bazarına təsirsiz ötüşmür. Son 3 ayda daşınmaz əmlak bazarında durğunluğun əsas səbəbi dollar ajiotajı idi. Artıq bu ajiotaj səngimiş sayılır. Bazar canlanır. Və bu canlanma ikinci əl mənzil bazarına bahalaşma vəd edir. Kim ki çevik tərpənib ev alıb, ya da bu günlərdə almağı planlaşdırır, o adamlar prosesdən uduşla çıxıb. Kimlər ki gözləmə mövqeyindədir, onlar xeyli vəsait itirəcək.

Əmlakçılar Musavat.com-a deyiblər ki, əllərində olan mənzilləri hələ satmağa maraqlı deyillər. Çünki mart ayında daha baha satacaqlarına əmindirlər...(musavat)

Açar sözlər:

Oxunub: 422