Kürdəmirdə 61 yaşlı qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır


13:37     09 Fevral 2022 22_02_09_1644392281.jpg

Kürdəmirdə 61 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən Rəfael Cəfərovun cinayət işi üzrə məhkəməsi başlayır.

Femida.az xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin avqustunda Kürdəmirdə qeydə alınıb. Belə ki, R.Cəfərov 5 avqust 2021-ci ildə Xanımqız Bədəlovanın evinə gələrək, cinayət niyyətini həyata keçirmək məqsədilə sonuncunun yatmasını gözləyib. O, X.Bədəlovanın yatdığına əmin olduqdan sonra çəkiclə qadının baş nahiyəsinə çoxlu sayda zərbələr endirərək qəsdən öldürüb və zərərçəkmişin çantasında olan 115 manatını götürərək özgə əmlakını gizli yolla talayıb.

R.Cəfərov rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayonunda saxlanılaraq istintaq orqanına təhvil verilib.

O, Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 521