Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücü və daşıyıcılara müraciət edib


16:59     03 Mart 2022 22_03_03_1646308775.jpg

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sürücülərə və daşıyıcı şirkətlərə müraciət edib.

Femida.az -ın məlumatına görə, müraciətdə deyilir ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da “İcazə” blanklarına daşıyıcının ştampının vurulması sırf onun məsuliyyəti və vəzifəsidir.

Daşıyıcıların bəzi hallarda üzərilərinə düşən məsuliyyətə etinasız yanaşması xoşagəlməz nəticələrə, blankların qanunsuz satışına yol açır. Mənfi halların qarşısının alınması məqsədilə daşıyıcılar “İcazə” blanklarını xidmətdən təhvil alan zaman onları yerində şirkətin ştampı ilə möhürləməlidirlər. DANX prosedurun icrasına nəzarət edən əməkdaşlar ayırıb.

Qurumda, həmçinin “İcazə” blanklarının nömrələri əsasında hansı daşıyıcıya verilməsi qeydə alınır. Bu, daha sonra identifikasiya aparmağa və qanunsuz satış hallarını araşdırmağa imkan yaradır.

DANX sürücülərə və daşıyıcılara diqqətli olmağı tövsiyə edir. “İcazə” blanklarının qanunsuz satışı ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (012) 566 52 58 telefon nömrəsi vasitəsilə DANX-a məlumat vermələri xahiş olunur.

“İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.

Açar sözlər:

Oxunub: 443