“Cennifer Lopez özü bilər, bizə icbari sığorta lazımdır.”


17:25     29 May 2015 tibbi%20siğorta.jpg

Femida.az-ın bugünkü araşdırmasının məqsədi vətəndaşların sosial tibbi sığortalarının hansı səviyyədə təşkil olunduğunu cəmiyyətə çatdırmaqdan ibarətdir.


Azərbaycanda tibbi sığorta haqqında qanunun qəbul olunmmasına və dövlət büdcəsində bu qanunun icrası üçün maliyyə vəsaitinin nəzərdə tutulmasına baxmayaraq, vətəndaşlar bu imkandan yararlana bilmir.

Bu sahədə nəyə görə Avropa ölkələrindən xeyli geri qalırıq və bu geriliyi aradan qaldırmaq üçün hansı islahatlar həyata keçirilməlidir?

Femida.az Azərbaycanda tibbi sığortanın hansı səviyyədə təşkil olunduğu barədə dolğun məlumat almaq üçün Milli Məclisin sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı ilə əlaqə saxladı.

Onun sözlərinə görə Hazırda dövlət müəssisələrində pulsuz tibbi xidmət mövcuddur, lakin bütövlükdə ölkəmizdə vətəndaşların sosial tibbi sığortası hərtərəfli təşəkkül tapmayıb.

“Bu gün Azərbaycanda artıq bir neçə ildir ki, tibbi sığortanın inkişafında ciddi işlər görülür. Bilindiyi kimi hələ 1999-cu ildə ölkəmizdə tibbi sığorta haqqında qanun qəbul edilib və müvafiq olaraq tibbi sığorta gentliyi yaradılıb. Lakin bu sahədə qanunun qəbul edilməsi və agentliyin yaradılması tibbi sığorta sisteminin təşəkkül tapması demək deyil. Düzdür hazırda ölkəmizdə tibbi sığorta sisteminə tənqidlərlə də yanaşanlar vardır. Azərbaycan kimi müstəqilliyini yeni qazanmış ölkələrdə tibbi sığorta sisteminin tam təşəkkül tapması sözsüz ki, uzun vaxt tələb edir. Bunun üçün güclü səhiyyə infrastrukturu ilə yanaşı, müasir biliklərə yiyələnmiş kadrlara da böyük ehtiyac var. Hazırda dövlət müəssisələrində pulsuz tibbi xidmət mövcuddur və ildə bir dəfə vətəndaşların pulsuz ümumi dispanserizasiyası təşkil olunur. Lakin pulsuz tibbi xidmət bütün dövlət müəssisələrində yoxdur. Sözsüz ki pulsuz tibbi xidmətin bütün dövlət müəssisələrində mövcud olması vaxt tələb edir."

Femida.az mövzu ilə bağlı hüquqşünas Loğman Abdullayevin də fikirlərini öyrəndi.

Loğman Abdullayev:

“Tibbi sığorta əslində sosial müdafiənin ayrılmaz bir hissədidir. Hazırda tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunu var. 1999-cu ildə qəbul edilmiş bu qanun tibbi siğortanın subyektləri arasında münasibətləri tənzimləyir. Lakin onun icrası və tətbiqi ilə müəyyən problemlər ortaya çıxmaqdadır. Bu gün Azərbaycanda mövcud vəziyyətə baxdıqda görərik ki. yalnız güc nazirliklərində və Dövlət Neft şirkətinin bəzi bölmələrində işçilərin tibbi baxımdan siğorta olunublar. Məsələn, mənim qudam yaxınlarda açıq ürək əməliyyatına girdi və onun bütün xərcləri Dövlət Neft Şirkəti tərəfindən qarşılandı.”

Bəs sığorta sisteminin əsas maliyyə dəstəkçisi kim olmalıdır?

“Azərbaycanın beynəlxalq donor təşkilatlarının dəstəyinə ehtiyacı yoxdur.” – deyən Loğman Abdullayev aşağıdakı fikirləri söylədi:

“Əgər vətəndaş hər hansı bir müəssisədə çalışırsa, onun tibbi baxımdan sığortalanmasına əsas məsuliyyət həmin şirkətin üzərinə düşür. Bu gün qüvvədə olan qanun da bunu təsdiq edir. “Tibbi sığorta haqqında” qanuna əsasən əsas məsuliyyət əmək müəssisəsinin üzərinə düşür. Bir çox tanınmış beynəlxalq donor təşkilatları ölkələrə səhiyyə sisteminin inkişafı üçün maliyyə yardımları edirlər. Lakin düşünürəm ki, Azərbaycanın həmin təşkilatların yardımına ehtiyacı yoxdur. Kreditlərin verilməsi ilə dövlətlər bir növ həmin təşkilatlardan asılı vəziyyətə düşürlər. Azərbaycan özü təkbaşına öz sosial-tibbi sığorta sistemini təşkil etməyə qadir ölkədir. ”

Hər hansı bir müəssisədə çalışmayan şəxslərin tibbi sığortalarının əsas təminatçısı kimdir?

Loğman Abdullayev:

“Hazırda işləməyənlərin, yəni müvafiq icra hakimiyyəti orqanlarında “işsiz” statusu ilə qeydiyyata alınanlar tibbi baxımdan siğortalanmayıblar. Əslində ən böyük problem də bundan ibarətdir və qanunda bütün Azərbaycan vətəndaşları nəzərdə tutulmalıdır. Əgər kimsə işləmirsə, bu heç də onun günahı deyil. Bu ümummilli problemdir. Buna görə də işsizlərin də tibbi siğortası müvafiq qurumlar tərəfindən təmin olunmalıdır”

“Cennifer Lopez özü bilər, könüllü surətdə nə edir” – söyləyən Loğman Abdullayev bu fikirləri vurğuladı:

“Bizim istəyimiz ondan ibarətdir ki, Milli Məclisdə qanuna dəyişiklik edilsin və könüllü tibbi sığorta icbari tibbi siğortaya çevrilsin. Cennifer Lopez özü bilər, könüllü surətdə nə edir. Bizə lazım olan icbari siğortanın tətbiq olunmasıdır. Hazırda Azərbaycanda yaşayan əhalinin icbari siğortaya ehtiyacı var. Hər kəs, varlı da, kasıb da tibbi baxımdan məcburi surətdə siğorta olunmalıdır.”

Hüquqşünas Loğman Abdullayevin fikrincə sosial tibbi sığortanın təşəkkül tapmasında xəstəxanaların da üzərinə müəyyən yük düşür:

“Düşünürəm ki, xəstəxanalar prosesə hazır olmalıdır. Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə tam malik deyillər. Hətta vətəndaşın sığortası olduqda belə bəzi xəstəxanalarda ondan əlavə ödənişlər tələb olunur. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır.”

Azərbaycan sosial tibbi siğorta sisteminin yaradılması üçün daima beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edib. Hələ 2006-cı ildə Dünya Bankı "Səhiyyə sektorunda islahatları layihəsi"nin maliyiləşdirilməsinə dair imzalanan sazişə əsasən ölkəmizə güzəştli şərtlərlə 50 milyon dollar həcmində kredit ayırıb. Bundan başqa Azərbaycan hökuməti tibbi sığorta sistemini inkişafı üçün bu sahəyə 30 milyon dollar əlavə maliyyə də yatırdı.

Sosial tibbi siğorta sisteminin təmin olunmasında sığorta şirkətlərinin böyük rolu vardır. Hüquqşünas Loğman Abdullayevin fikrincə sığorta şirkətləri özləri donor rolunu oynayırlar:

“Bu gün tibbi sığorta sisteminin təmin olunmasında siğorta şirkətlərinin böyük rolu vardır. Bu şirkətlər fəaliyyət göstərərkən özləri “bank” rolunu oynayırlar, Yəni özləri özlərini maliyyələşdirirlər.”

Ceyhun Əhmədli

Femida.az

Açar sözlər:

Oxunub: 1096