Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər ifadə verib


12:44     14 Mart 2022 22_03_14_1647246397.jpg

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Femida.az -ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Xalidə Hüseynova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndiirlən şəxsə məxsus lambarda qızıllarını girov qoyub.

"Pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Yasamal Rayon Prokurorluğuna getdim. Məlum oldu ki, orada mənim kimi bir neçə zərərçəkmiş də var. Şikayətimdən təxminən 14 gün sonra Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı heç bir şikayətim yoxdur".

Digər zərərçəkmiş Hicran Məmmədovanın sözlərinə görə, lombarda qızıllarını qoyaraq 600 manat pul götürüb: "Lombarda gedəndə bağlı olduğunu gördüm. Hamı kimi mən də polisə şikayət etdim və təxminən 1 aydan sonra qızıllarımı geri qaytardılar".

Zərərçəkmiş Samirə Abdullayeva bildirib ki, girov qoyduğu qızıllarını şikayətindən 2 ay sonra ala bilib.

Hazırda proses davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Açar sözlər:

Oxunub: 439