Dövlət başçısı: "Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq"


17:46     20 Mart 2022 22_03_20_1647780429.jpg

"Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq".

Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində deyib.

Dövlət başçısı vurğulayıb ki, abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıb.

"Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq", - dövlət başçısı bildirib.

Açar sözlər:

Oxunub: 489