Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb


18:28     06 May 2022 22_05_06_1651846016.jpg

Lənkəranda narkotik vasitələrin satışını həyata keçirən daha 8 nəfər saxlanılıb, 10 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

Onun idarə etdiyi avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər rayon sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə, A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 2752