“Böyük Yeddilik” Ukraynaya 30 milyard avro ayıracaq


21:30     13 May 2022 22_05_13_1652462058.jpg

“Böyük Yeddilik” (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi ayırmaq niyyətindədir.

Femida.az xəbər verir ki, bunu Almaniyada nəşr olunan “Der Spiegel” nəşri yazıb.

Məlumata görə, gələn həftə Almaniyada keçiriləcək “G7”in maliyyə nazirlərinin görüşündə onlar Kiyevə 30 milyard avro civarında maliyyə yardımı ayırmaq barədə qərar qəbul etməyi planlaşdırırlar.

Bildirilib ki, vəsait kredit və qrant şəklində verilməlidir. Beləliklə, Kiyev gələcəkdə heç də həmin vəsaitin hamısını qaytarmalı olmayacaq.

“Der Spiegel” yazıb ki, müharibənin bu il ərzində bitəcəyi ehtimal olunur.

Qeyd edək ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

Bu dövlətlərin liderlərinin qeyri-rəsmi forumu da (Avropa Komissiyasının iştirakı ilə) eyni adı daşıyır, onun çərçivəsində aktual beynəlxalq problemlərə yanaşmalar müzakirə edilir, qərarlar qəbul olunur. Yazılmamış qaydalara görə, sammitlər hər il üzv dövlətlərin birində növbə ilə keçirilir.

“G7” beynəlxalq təşkilat deyil, beynəlxalq müqaviləyə əsaslanmır, nizamnaməsi və katibliyi yoxdur. “G7”in qərarları məcburi xarakter daşımır. Söhbət, bir qayda olaraq, tərəflərin razılaşdırılmış xəttə riayət etmək niyyətinin müəyyən edilməsindən və ya beynəlxalq aləmin digər iştirakçılarına müəyyən məsələlərin həllində yanaşmaların tətbiqi ilə bağlı tövsiyələrdən gedir. “G7”in nizamnaməsi olmadığı üçün bu qurumun üzvü statusunu rəsmən qəbul etmək mümkün deyil.

Açar sözlər:

Oxunub: 203