Fatimə köməyinizi gözləyir: onu xilas edə bilərik - FOTO

Fatimə köməyinizi gözləyir: onu xilas edə bilərik - FOTO


21:23     29 May 2015 3471050.jpg

Dörd yaşlı İbadova Fatimə İqbal qızı uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir


Fatimənin atası İqbal İbadovun sözlərinə görə, qızının sağalma şansı var. Bunun üçün isə 6-7 yaşına kimi mütəmadi müalicə almalıdır. Atası bildirib ki, müalicə məqsədi ilə uşağı Türkiyə və İrana aparıblar: "Rusiyadan Bakıya gələn mütəxəssislər də müayinə ediblər. Diaqnoz qoyulduqdan sonra qızına 6-7 yaşına kimi beyin bərpası üçün mütəmadi olaraq fizioterapiya, idman, masaj, psixoloq seansı məsləhət görülüb.

Fatimənin atası indiyə kimi qızının müalicəsinə 40 min xərcləndiyini deyir: "Əvvəl Uşaq Bərpa Müalicə Mərkəzinə apardıq, orada seans 5 manat idi, ancaq heç bir dəyişiklik olmurdu. Hazırda müalicə üçün hər ay azı 1200 manat pul xərclənir. Fevral ayından türk həkimlər müalicəyə başlayıblar. Artıq hərəkətlərində bir nəticəsi olduğunu hiss edirik. Ancaq 1 seans 25 manatdır. Dövlət tərəfindən hər ay verilən 67 manat pensiya onun bir dərmanının qiyməti belə etmir. Qızımın bir neçə aylıq müalicə pulunu iş yoldaşlarım öz aralarında toplayıb ödəyiblər. Elmi-Tədqiqat Pediatriya İnstitutu təsdiqləyib ki, bu xəstəlik qızımda anadangəlmə deyil, doğuş vaxtı həkimlərin diqqətsizliyi nəticəsində yaranıb".

Fatimənin atası 4 yaşlı qızının müalicəsi üçün imkanlı şəxslərdən yardım istəyir. Onun sözlərinə görə, əgər qızı 6-7 yaşına kimi yuxarıda sadaladığımız müalicə prosedurlarından keçməzsə, ömürlük əlil arabasına məhkum olacaq və sağalmaq şansını itirəcək.

Qeyd edək ki, uşaq serebral iflici baş beynin doğuşdan öncə, doğuş vaxtı və ya doğuşdan sonra müxtəlif səbəblərdən zədələnməsi ilə yaranır. İflic xəstəliyi zamanı müxtəlif hərəki pozğunluqlar, piramid yolların (hərəkət sistemi), qabığaltı düyünlərin, beyincik və beyin sütununun patologiyası əmələ gəlir. Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur. Beynin zədələnmə dərəcəsindən asılı olaraq çox yüngül hallardan tutmuş əlilliyə kimi gətirib çıxarır.

Balaca Fatiməyə kömək etmək istəyən şəxslər üçün atasının adına açılan hesab nömrəsini təqdim edirik.


Açar sözlər:

Oxunub: 550