İsraildən İrana qarşı şok ittiham (VİDEO)


02:43     18 Yanvar 2016 image00116.jpg


İranın neft bazarına yenidən girməsinə, ticarətə icazə verilir, milyardlarla dollarlıq bank hesablarına qoyulan həbs aradan qaldırılır.


ANS TV-nin məlumatına görə, İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsinə İsrailin baş naziri Benyamin Netanyahu da münasibətini açıqlayıb. Netanyahu rəsmi Tehranı Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edib:

“İran nüvə silahı hazırlamaq fikrindən daşınmayıb. Bu barədə razılıq əldə olunsa da, İran nüvə silahı hazırlamağa davam edəcək. Tehran Yaxın Şərqdə sabitliyi pozur və dünyanın müxtəlif bölgələrində terror hücumları hazırlayır”.

İran prezidenti Həsən Ruhani isə yerli telekanallar vasitəsilə çıxışı zamanı bu sazişi ölkənin iqtisadi inkişafında “dönüş nöqtəsi”, İranın tarixində qızıl səhifə adlandırıb:

“Nə saziş çərçivəsində, nə ölkə daxilində, nə də bizimlə danışıqlar aparan ölkələr arasında zərbə alan olmadı. Hamı bu razılaşmaya görə sevinir. Bircə müsəlmanlarla Amerikadakı radikallar arasında bölünmə yaratmağa çalışan İsraildən başqa. Hər kəs xoşbəxtdir. Bu saziş bizə inkişaf və irəliləyiş, dünya ilə qarşılıqlı münasibətlər və addımlarımızda kordinasiya imkanı verəcək”.

Beynəlxalq sanksiyaların ləğv edilməsi ölkə üçün yeni səhifə açsa da, bu yenilik ölkə vətəndaşları arasında birmənalı qarşılanmayıb. Qərblə nüvə sazişi əldə edilərkən paytaxt Tehranda hökm sürən bayram ab-havası bu dəfə hiss edilmir.

Sanksiyaların ləğvi bu ölkəyə 2012-ci ildən bəri itirdiyi neft gəlirlərinin və dondurulmuş 100 milyardan çox aktivlərinin bərpa olunmasına imkan verəcək.

Eyni zamanda, İran öz neftini beynəlxalq bazarlarda OPEK kvotaları çərçivəsində sata biləcək. Həmçinin ticarət üçün qlobal maliyyə sistemindən yararlanacaq.

Ümumiyyətlə İran dünyanın ən çox neft resursları olan IV ölkəsi hesab edilir.

Bu arada Avropa Birliyinin xarici siyasət üzrə Ali Komissarı Federika Moqerini İranın xarici işlər naziri Cavad Zəriflə birgə mətbuat konfransı keçirərək, artıq beynəlxalq sanksiyaların qaladırılmasına hər hansı əngəlin olmadığını elan etdi.

Cavad Zərifsə ölkəsinin çoxdan bəri gözlədiyi günün gəlib çatdığını təsdiqləyib.

Amerikanın dövlət katibi Con Kerri də böyük hadisəylə bağlı bəyanatla çıxış edərək, Birləşmiş Ştatların da İrana qarşı nüvə ilə bağlı iqtisadi sanksiyaların qaldırılmasına dair sərəncam verdiyini diqqətə çatdırıb.



Açar sözlər:

Oxunub: 2218