Davosda nələr dəyişəcək?


15:09     21 Yanvar 2016 davos%20forumu.jpg

Davos Forumu hər il keçirilən və iqtisadi məsələlərin müzakirə olunduğu beynəlxalq forumdur. Ümumdünya iqtisadi forumunda dünyanın müxtəlif ölkələrindən minə yaxın şirkət və təşkilat iştirak edir. Aparıcı biznesmenlər, siyasətçilər, ictimai xadimlər də tədbirə qatılır.


Prezident İlham Əliyev bu forumda iştirak etmək üçün yanvarın 20-də İsveçrəyə yola düşdü. İlham Əliyev Davosda Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüş keçirdi. İkitərəfli görüş zamanı ölkələrimiz arasında münasibətlər və regional məsələlərin müzakirə olundu. Ölkə başçısı yanvarın 20-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşdü.

Bəs görəsən, ölkəmizdə mövcud olan iqtisadi problemlərin həlli istiqamətində bu forumun nə dərəcədə müsbət töhfəsi olacaq?

Politoloq Qabil Hüseynli bildirdi ki, ölkədə mövcud olan iqtisadi problemlərin həllində Davos Forumunun mühüm rolu olacaq:



“Azərbaycan üçün hazırda əsas məsələ ölkəyə investisiyaların qoyulmasına nail olmaqdır. Bu forumda isə sözsüz ki, bu məsələyə toxunulacaq və İlham Əliyev ölkəyə investorların cəlb olunması üçün görüşlər keçirəcək. Düşünürəm ki, Prezident İlham Əliyev neftin qiymətinin qaldırılması üçün OPEK üzvləri ilə müzakirələr aparacaq. Eyni zamanda TANAP və TAP layihələri müzakirə predmetinə çevriləcək. Bunun üçün İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü gözlənilir. Bir sözlə, Davos Forumu Azərbaycanın iqtisadi yüksəlişi üçün çox mühüm əhəmiyyətə sahibdir. Güman edirəm ki, forum çərçivəsində sözü gedən iqtisadi problemlərin həllinə nail olunacaq”.

Siyasi şərhçi Rasim Musabəyov ölkəmizə ciddi investisiyaların yatırılması üçün Davos Forumunun mühüm əhəmiyyəti olacağını vurğuladı:



“Bir qayda olaraq Davosda hər il nüfuzlu siyasi xadimlər, biznesmenlər, şirkət və təşkilat rəhbərləri toplanır. Belə bir forumda iştirak etmək, sözsüz ki, Azərbaycan üçün faydalı olacaq. Müzakirələrin nəticəsində, xarici şirkətlər, biznesmenlər ölkəmizə ciddi investisiyalar yatıra bilər. Neftin qiymətinin tənzimlənməsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. Ümumi olaraq baxsaq, həm ölkəmizə investisiyaların qoyulması, həm də iqtisadi məsləhətləşmələrin aparılması baxımından Davos Forumunun böyük əhəmiyyəti olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu forumla bağlı o qədər də nikbin proqnoz vermədi:



“Davos forumunun elə bir əhəmiyyəti qalmayıb. Bu gün hər bir dövlət özü üçün çarpışır, təkbaşına bataqlıqdan çıxmağa çalışır. Hansısa ölkəyə investisiya qoymaq üçün beynəlxalq maliyyə institutlarına, böyük şirkətlərə və ya iş adamlarına Davos forumu o qədər də lazım deyil. Əlbəttə, Davosda üzbəüz görüşlər keçirmək, müzakirələr aparmaq, suallara cavab almaq imkanı var. Lakin ölkəmizə investorların cəlb olunması baxımından bu forum elə də ciddi rol oynamayacaq”.

Qeyd edək ki, Davos Forumu yanvarın 23-nə kimi davam edəcək.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2571