Azərbaycanda piratçılıq azalıb


02:54     22 Yanvar 2016 yoxlama8.jpg

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2016-cı il 1 yanvar tarixinədək Müəllif Hüquqları Agentliyində 10 344 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsilə 61 müəllifin 97 əsəri qeydiyyatdan keçirilib.


Femida.az xəbər verir ki, bu barədə agentliyin yaydığı hesabatda məlumat verilir.

Məlumata görə, hesabat ili ərzində 236 müəllifin 703 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 458 şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin 35 müraciəti əsasında 40 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 40 şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 13 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3895 manat vəsait ödənilib.

Piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə kitab satışı sahəsində 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında isə 96%-dən 85%-ə düşüb. 2015-ci ildə Agentlik xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən erməniçilik tərəfindən mədəni irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirib.

Elektron xidmətlərin göstərilməsi üçün Müəllif Hüquqları Agentliyinin saytında xüsusi Elektron xidmət bölməsi yaradılıb, rüsumların, vergilərin və digər aidiyyəti ödənişlərin elektron qaydada ödənilməsi təmin edilib, Müəllif Hüquqları Agentliyi “Elektron hökumət” portalına qoşulub, digər dövlət orqanları ilə mübadilə üçün nəzərdə tutulan “Qeydiyyat” informasiya ehtiyatının uyğunlaşdırılması və inteqrasiyası ilə bağlı görülən işlər yekunlaşdırılıb.

Hesabat ilində müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 30 məhkəmə iclasında iştirak edilib, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 13 ekspert rəyi hazırlanıb. 2015-ci ildə müəlliflərin əmlak hüquqlarının idarəçiliyini təmin etmək nəticəsində 83 595 manat müəllif qonorarı yığılıb, qonorar hesablanmış yerli və xarici müəlliflərin adları, soyadları və mənsub olduqları ölkələr barədə məlumatların dəqiqləşdirilməsi istiqamətində mütəmadi iş aparılıb.

Açar sözlər:

Oxunub: 922