Bu müəssisələr özəlləşə bilər


14:48     22 Yanvar 2016 azal%20ozelles.jpg

Müəyyən dövlət müəssisələrinə büdcədən böyük subsidiyaların verilməsinin aşağı salınması özəlləşdirmədə büdcə yükünün azalmasına imkan verəcək.


Bun barədə iqtisadçı alim Vüqar Bayramov Axar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda Azərbaycanın özəlləşdirmə prosesinə başlamasında üç əsas məqsədi var:

“Birincisi, müəyyən dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi yolu ilə bu istiqamətdə büdcədən ayrılan vəsaitə qənaət etmək.

İkincisi, şəffaflığın artırılması ilə daha çevik qərarların verilməsinə nail olmaq. Daha çevik qərarların verilməsi üçün özəl sektorun payının artırılmasına ehtiyac var.

Üçüncüsü, büdcəyə və iqtisadiyyata vəsaitlər cəlb etmək. Dövlət başçısı bildirib ki, xarici investorları cəlb etməkdə əsas məqsəd məhz özəlləşmə prosesini aparmaqdır”.

İqtisadçı AZAL-ın özəlləşdirilməsini təklif edib:

“Çünki AZAL-da korporativ idarəetmə sistemi olmadığından xərclər çoxdur. Xərclərin çoxluğu isə qiymətlərin artmasına gətirib çıxarır. Ona görə də AZAL-ın özəlləşdirilməsi arzulanandır.

Bundan başqa, “Azərenerji”nin səhmlərinin 49 faizinin özəlləşdirilməsini təklif edirik. Hələlik, 51 faizin dövlətdə qalması lazımdır. Ancaq sonrakı prosesdə tamamilə özəlləşdirilə bilər.

İstilik sisteminə mənsub və digər kommunal xidmətlər göstərən qurumların özəlləşdirilməsi də məqsədəuyğundur.

Nəqliyyat sektorunda da bir sıra müəssisələrin özəlləşdirilməsinə ehtiyac var.

O cümlədən, rabitə sektorunda da özəlləşdirmə prosesinin aparılmasını təklif edirik. Rabitədə özəlləşdirməyə çıxarılmalı olan müəssisələrin sayı kifayət qədər çoxdur.

Ümumiyyətlə, bu proses birmənalı şəkildə qeyd olunan hədəflərə nail olunması baxımından vacibdir. Özəlləşdirməyə çıxarılan müəssisələrin böyük bir qismi iri dövlət şirkətləri olmalıdır ki, xaricilər üçün cəlbedici olsun”.

V.Bayramovun sözlərinə görə, hazırda dövlət rəhbərinin Davosdakı görüşləri bu istiqamətdə aparılan müzakirələrdə önəmli rol oyana bilər:

“Xarici investisiyanın cəlb olunması elə də asan məsələ deyil. Bu gün xarici investisiya uğrunda bir növ mübarizə gedir. Davos forumu bu aspektdən bir tribuna rolunu oynayacaq. Çünki görüşlərdə yalnız özəlləşdiriləcək müəssisələr deyil, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi istiqamətində müzakirələrin aparılacağı gözlənilir”.

Qeyd edək ki, yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirib. İclasda İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılmasına dair tapşırıqlar verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1122