“Minsk Qrupu Ermənistanı müdafiə etdi” – Politoloq


20:26     22 Yanvar 2016 minsk%20qrupu.jpg

“Həmsədrlərin açıqlamasından sonra ermənilərin əl-qolu açıldı”.


Bu sözləri Femida.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib.

Analitik bildirdi ki, Minsk Qrupunun bu bəyanatı səsləndirməsi AŞPA sessiyasında mühüm hesabatların qəbuluna mane olacaq:

“ATƏT Minsk Qrupu həmsədrləri birgə bəyanat verərək, AŞPA-nın Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atmaması gərəkliyini bildiriblər. Bununla da həmsədrlər fakitiki olaraq, Ermənistanın mövqeyini müdafiə etdilər. Məsələ burasındadır ki, AŞPA-nın yanvar sessiyasında (25-29 yanvarda) Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlar dinləniləcək. Bu hesabatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və komitə iclaslarında bəyənilib. Ermənistan bu iki sənədin qəbul olunmaması üçün aylardır çalışır, lobbi fəaliyyəti aparır. Həmsədrlərin açıqlamasından sonra Ermənistanın əli daha da güclənib və bu hesabatların AŞPA sessiyasında qəbulu böyük ölçüdə çətinləşib”.

Qeyd edək ki, Minsk Qrupunun həmsədrləri bugünkü bəyanatla bildirdilər ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Bu isə, AŞPA və digər beynəlxalq təşkilatları münaqişənin həllində fəallıq göstərməməyə çağırdı.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1035