Separatçılıq toxumu səpənlərə CAVAB


01:30     23 Yanvar 2016 13910819140630925_PhotoL-650x2805.jpg

Ötən həftə bir qrup azərbaycanlı tələbə Ayətullah Amilinin 19 yanvarla bağlı çıxışına dəstək olaraq bəyanat yayımlayıb.


Görünür ki, dini sahədə baş verən proseslər cəmiyyəti get-gedə daha çox maraqlandırır. Bu da təbiidir. Son illərə nəzər salsaq, görərik ki, müəyyən dini, ictimai-siyasi məsələlər adı altında bəzi qarşıdurmalar, həbslər olur; bunu hakimiyyət dini radikalizm, əks tərəf isə, dindarların sıxışdırılması, hakimiyyətin dinə qarşı olması kimi dəyərləndirir. Həmçinin, hakimiyyət dini, milli-mənəvi dəyərləri qoruduğunu deməklə yanaşı, xaricdə dini təhsilin məhdudlaşdırılması ilə bağlı addımlar atır və bəzi qüvvələrin ölkə xaricindən idarə olunduğunu bildirir. Xaricdə oxuyanlar isə hakimiyyəti ittiham edərək deyirlər ki, “biz vətənimizi, dövlətimizi sizdən heç də az istəmirik, keçmişimizi, dinimizi, milli-mənəvi dəyərlərimizi daha yaxşı bilirik. Artıq illərdir ki, bu mövzuları oxuyuruq”.

Düzü, adam lap başını itirir, bilmir kimə inansın. Amma son günlər baş vermiş bir hadisə bəzi mətləblərə işıq saldı desək, yanılmarıq. Azərbaycandan xaricdə təhsil alan bir qrup tələbənin adından yanvarın 19-nu “Dünya Müsəlman Azərilərin Birlik Günü” kimi qeyd etməyə çağıran bir din xadimini dəstəkləməsi ilə bağlı mediada xəbərlər peyda oldu. İlk baxışdan pis təklifə oxşamırdı, kim istəməz ki, birliyimiz möhkəmlənməsin! Lakin hüsnü-zənnimin ömrü bəyanatın davamını oxuyana qədər oldu.

Bəyanatda deyilir: “Biz bütün dünya azərilərini, həqiqi kimliyini diriltmək üçün mövcud imkanlardan istifadə etməyə və hər ilin 19 yanvarını “Dünya Müsəlman Azərilərin Birlik Günü” kimi qeyd etməyə çağırırıq”.




- Çox gözəl! birlik, həmrəylik hər bir azərbaycanlının istəyidir. Düşündüm ki, yəqin, 20 Yanvar faciəsi ilə bağlı millətimizi birliyə dəvət edirlər. Sənə çox şükür ya Rəbbim, deyəsən, düzəlirik. Amma məni həmin anda başqa bir məqam da düşündürürdü: niyə məhz dünya müsəlman azəriləri? Məgər müsəlman olmayan azərilər bizdən deyil? Budurmu birliyimiz, həmrəyliyimiz?

Bəyanatın davamı isə daha faciəlidir: “Uca Allahın adı ilə, Qafqaz məntəqəsi qədim İranın ən gözəl yerlərindən olub. Bu diyar həmişə milli və dini qeyrətin göstəricisi olub və dəfələrlə qəhrəmanlıqlar yaradıb, bütün vücudu ilə uca İrana bağlı olduğunu göstərib. Qədimdən Osmanlı hökumətinin tamah saldığı bu diyar dəfələrlə Osmanlı tərəfindən hücuma məruz qalır. Osmanlı bu torpaqları da öz torpaqlarına qoşmaq istəyirdi...”

- Deyəsən, xoruzun quyruğu görsənir. Tülkü “həcc” eşqinə düşüb yenə. İllərdir adını müsəlman qoyan bu “qardaşlar” fitnə-fəsad, separatçılıq toxumu səpməkdən, dini öz məkrli məqsədlərinə görə sağa-sola əyməkdən əl çəkməyiblər.



Sonra bəyanatda 19 yanvar günü sərhədlərin açılmasından, camaatın ora tərəf tələsik qaçmasından, eyforiyaya qapılanların hərəkətlərindən, bir sözlə mollalara sonsuz sevgilərindən bəhs olunur. Hə, bir də yazırlar ki, sən demə 19 yanvar Peyğəmbərimizin doğum günü imiş, bu günü bunların istədiyi kimi qəbul etsək Uca Allahın bizə lütfü olar. Nə başınızı ağrıdım, bütün bunları bir yerə yığanda o nəticəyə gəlmək olar ki, bu günü “Dünya Müsəlman Azərilərin Birlik Günü” kimi tarixiləşdirməliyikmiş. İlin bütün günlərini hansısa hadisəyə bağlamaqda usta olanlara deməyə day sözüm yoxdu. Gələn ildə 10 gün geri çəkib qeyd edərikmiş birliyimizi.

Duruxsunub qalmışam, özüm-özümə düşünürəm: əgər bu yazını azərbaycanlı tələbələr yazıbsa, deyəsən, bu hökumət elə düz deyirmiş, bu ki, açıq-aşkar xəyanətdir, necə yəni Qafqaz (yəni Azərbaycan) İranın ən gözəl məntəqəsidir? Dindən azdan-çoxdan başım çıxır, bir-iki dünyagörüşü olan dindar dost-tanışımdan soruşdum ki, “qardaş, mən bilən, bu din bizə şərəfsizlik, milli satqınlıq öyrətmir axı?! Görəsən, biz dinimizi öyrənəndə hansısa dairənin, qüvvənin, lap elə dövlətin dinlə pərdələnmiş olsa belə, pis niyyətinə alət olmalıyıq?” Cavabları belə oldu:

- Yox, haqq üçünə belə deyil. Dinimiz bizə belə şey öyrətməz.

- Bəs o zaman bu bəyanat nədir belə?..

- Bəlkə bu bəyanatı heç azərbaycanlı tələbələr yazmayıblar?! Kimsə onların adından yayıb?

Bu söz məni xeyli sevindirdi, heç bir vətən övladını satqın, rəzil, nökər görmək istəmirəm. İnşallah düz deyirlər. Əgər belədirsə, onlar yığışıb bu cür bəyanat vermədiklərini bəyan edəcəklər.

P.S. Bu yaxınlarda internetdə oxudum ki, Ərəbistanın bayrağını səfirlikdə yerlə bir eləyiblər, yalan-doğru bunu da bir azərbaycanlı edibmiş. Video-çarx da qoymuşdular, bir kök seyrəksaqqal azərbaycanca Allaha həmd edə-edə telefonu ilə bu hadisəni çəkirdi . Sonradan tanınmış din xadimləri dedilər ki, bu bayraq məsələsi sionistlərin işidir, bizlik deyil.

Bəlkə o din xadimi düz deyir?


Şahverdi Şirinli

Femida.az

Açar sözlər:

Oxunub: 4542


Oxşar xəbərlər