Yollardakı süni təpələr sökülür (VİDEO)


15:11     23 Yanvar 2016 yollar_230116_02.jpg

“Azəryolservis” ASC yolların genişləndirilməsi məqsədi ilə yol kənarında olan bəzi süni təpələri sökür.


“Azəryolservis” ASC-dən Femida.az- a verilən məlumata görə, paytaxtın Səbayel rayonu “20-ci sahə” deyilən ərazidə sıxlığın aradan qaldırılması və “Lökbatan” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə “Bibiheybət yolu”nda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər aparılıb.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində 400 metr uzunluğunda müasir tipli yol ötürücülərin inşası aparılıb.

Bundan əlavə həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yol genişləndirilərək 15 metrə çatdırılıb. Ümumiyyətlə sözü gedən ərazidə aparılmış kompleks tədbirlərdən sonra yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan tıxacın xeyli azalmasına gətirib çıxarıb. Hazırda da sözügedən yolun genişləndirilməsi istiqamətində addımlar atılır. Bu məqsədlə bəzi hissələrdə yol kənarında olan süni təpələr sökülür, nəticədə yolun hərəkət hissəsi xeyli genişlənir.

Vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq “Azəryolservis” ASC tərəfindən yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənir. Qeyd edək ki, beton arakəsmələr dəmir tirlərdən daha təhlükəsizdir. Çünki betonun aşağısında xüsusi təkərqaytaran hissə-deflektor mövcuddur. Yol qəzaları zamanı nəqliyyat vasitələrinin beton maneə ilə toqquşması əksər vaxtlarda 12 dərəcə bucaq altında baş verir. Nəticədə nəqliyyat vasitəsi təkərqaytarana dəyərək geriyə, yolun hərəkət hissəsinə qayıdır və bir çox hallarda beton maneə ilə birbaşa toqquşma qeydə alınmır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Sulutəpə dairə”sindən “Hökməli dairə”si və Müşviqabad qəsəbəsinə qədər olan hissəsində yol kənarları abadlaşdırılır, piyada səkiləri tikilir.

Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədi ilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3-5 metr təşkil edir.

Bakıdan Şamaxı istiqamətində, “Hökməli dairəsi”ndə yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri də aparılıib. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənib. Nəticədə nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə bilirlər. Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcında olan və yolun ümumi görünüşünə xələl gətirən beton tökmə hissələr də sökülərək əvəzinə beton arakəsmələr düzülür.

Bütün bu işlər paytaxt Bakıya bütün istiqamətlərdən giriş-çıxışların daha rahat olmasına, nəqliyyat sıxlığının aradan qaldırılmasına hesablanıb. Birinci etapda bu istiqamətdə atılmış addımlar artıq öz müsbət nəticəsini verib.


Açar sözlər:

Oxunub: 1200


Oxşar xəbərlər