Avropa Oyunları vaxtı stadionlara nələri gətirə bilməyəcəyik?


21:51     30 May 2015 avropa%20oyun.jpg

"Əsasən Böyük Britaniya, Rusiya, Almaniya, İtaliya, Fransa tamaçaçıalrı artıq oyunlara bilet alıblar"


Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə biletlərin 70 faizi satılıb.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bilet satışı üzrə layihə meneceri Zaur Məmmədov bildirib ki, I Avropa Oyunları üçün 600 min bilet satışa çıxarılıb: "Biz satışa 20 mart tarixindən başlamışıq. Azərbaycanın regionlarında yaşayan vətəndaşlarımız və əcnəbilər üçün bilet əldə etmək üçün online şərait yaradılıb. Satış hazırda davam edir. Əlavə olaraq 3 aprel tarixindən şəhər kassalarında satışa başlamışıq. Bakıda 12 şəhər kassası fəaliyyət göstərir. 19 maydan etibarən Mingəçevir Dram Teatrında da satışlara başlanılıb".

İlk bir ay ərzində açılış mərasimi üçün satışa çıxarılan 20 və 200 manatlıq biletlər satılıb. Hazırda isə 50 və 100 manatlıq biletlərdən məhdud sayda qalıb: "Müxtəlif videoçarxlar vasitəsilə idman sessiyalarının reklamı gedir və artıq maraq artıb. Ən çox su idmanına maraq göstərilir. Bura üzgüçülük, suyadalma, məsafəyə üzmə, sinxron üzgüçülük daxildir. Ola bilsin ki, bu cür maraq yeni kompleksin tikilməsi ilə əlaqədardır. İnsanlarda yeni kompleksə gəlmək daha çox maraq doğurur. Daha sonra döyüş növlərinə maraq var. Cüdo, karate, güləş , taekvando, həmçinin gimnastikaya maraq var".

İlk Avropa Oyunlarını izləmək istəyən təkcə yerli tamaşaçılar deyil. Xarici ölkə vətəndaşları da Azərbaycanda keçiriləcək bu mötəbər yarışları yaxından izləmək üçün bilet əldə ediblər: "Əsasən Böyük Britaniya, Rusiya, Almaniya, İtaliya, Fransa ardıcıl olaraq maraq göstərirlər".

Bilet alıb açılış mərasimində iştirak etmək, eləcə də oyunlara baxmaq istəyənlər! Əməliyyat Komitəsi bir çox qaydalara riayət etməyiniz xahiş edir: "Əsas məsələ isə qadağan olunmuş əşyalardır. Hər bir biletin arxa hissəsində qadağan olunmuş əşyalar haqqında məlumatlar var. Test zamanı insanlar çantalarında müxtəlif dəmir əşyalar, 100 milliqramdan artıq parfümerya, digər mayelər gətirmişdilər. Onlar idman qurğularına buraxılmayacaq. Hava limanında yoxlama necə aparılırsa, eyni yoxlama stadionlarda da həyata keçiriləcək".

BEGOC tamaşaçıları məlumatlandırmaq üçün kitabçalar çap edib. Hələlik ingilis dilində olan kitabçaların Azərbaycan dilində də versiyası hazırlanır: "Bu kitabçalar iyunun əvvəlində Avropa Oyunları kassalarında, Avropa Oyunlarına aid müştəri mərkəzlərində olacaq. Orada bütün məlumatlar yazılıb. Xəritədə Avropa Oyunlarının keçiriləcəyi bütün məkanlar göstərilib. Hara, necə getmək haqqında bütün məlumatlar qeyd edilib".

BEGOC-un əməkdaşı Elnur Sultanovun sözlərinə görə, Oyunların biletlərini satış məntəqələrindən, Bakı Avropa Oyunlarının rəsmi saytından online şəkildə əldə etmək mümkündür. Online alınmış biletlərin təsdiq bildirişlərini “Park Bulvar”, “28 Mall”, “Metro Park” Ticarət Mərkəzləri, Heydər Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, “ASAN Xidmət”in Yasamal filialı, eyni zamanda metronun “Neftçilər”, “Əhmədli” stansiyaları yaxınlığında və Fəvvarələr Meydanındakı “McDonald’s” restoranındakı məntəqələrə təqdim edərək bilet almaq mümkündür: "Avropa Oyunlarına çox böyük maraq var. İnsanlar daha çox açılış və bağlanış mərasimlərini izləmək istəyirlər. Demək olar ki, açılış mərasiminə biletlər artıq bitir. İdman oyunlarına da çox böyük maraqlar var. Bizim milli mübarizə növlərindən olan güləşə, həmçinin boksa maraq var".

İyunun 12-dən başlayaraq 50 Avropa Olimpiya Komitələrini təmsil edən 6 mindən çox idmançının öz qüvvəsini sınayacağı gözlənilir. Yarışlar 18 yarış obyektində keçiriləcək. Ümumilikdə 253 medal qazandıracaq idman yarışları baş tutacaq. Açılış və bağlanış mərasimlərinə 2000 nəfər cəlb olunub. 500-dən çox taksi və minik avtomobili, 330 avtobus, 1970 nəfər sürücü Avropa Oyunlarında idmançılara xidmət edəcək. 12 milyon kilometrdən çox yol qət ediləcək.

Hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində 5 qitədən 43 ölkəni təmsil edən heyət işləyir. 20 000 nəfər podratçı Bakını Oyunları keçirməyə hazırlamaq üçün çalışır. /apa/

Açar sözlər:

Oxunub: 829