Davosda nələri qazandıq? – TƏHLİL


15:58     25 Yanvar 2016 davos%20forumu3.jpg

Yanvar ayının 20-də Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsevçrənin Davos şəhərinə işgüzar səfərə yollandı. Prezident səfər çərçivəsində dünya liderləri ilə ikitərəfli və çoxtərəfli qaydada görüşlər keçirdi. İlham Əliyev bu görüşlərdə dünya gündəmini bir xeyli məşğul edən mühüm açıqlamalar verdi.


O, 2016-cı ilin ikinci yarısından etibarən neftin qiymətinin 60-70 dollar səviyyəsinə qədər yüksələcəyini bildirdi. Maraqlısı ondan ibarətdir ki, Forumun davam etdiyi günlərdə dünya bazarında neftin qiyməti xeyli bahalaşdı. Bir həftə bundan əvvəl barelinin qiyməti 28-29 dollar civarında olan “Brent” markalı neftin hazırkı qiyməti 32.24 dollar təşkil edir.

Millət vəkili Vahid Əhmədov bu forumun ölkəmiz üçün əhəmiyyətindən danışdı:



“Davos Forumu bizim üçün bir sıra aspektsən uğurlu oldu. Prezident Neftin qiymətindən tutmuş ölkə daxilindəki ictimai-siyasi vəziyətə qədər məsələləri əhatə edən mühüm fikirlər səsləndirdi. Prezident bildirdi ki, neftin qiyməti ikinci yarımildən etibarən yüksələcək. Dövlət başçısının neftin qiyməti ilə bağlı səsləndirdiyi fikirlər bütün dünyanın diqqət mərkəzində idi. Buna görə də dünyanın aparıcı media orqanları prezidentin çıxışlarını işıqlandırmışdı. Mən özüm də bu fikirlə tamamilə razıyam. Baxmayaraq ki, İran vəABŞ nefti dünya bazarına çıxır, neftin qiymətində müəyyən stabilləşmə prosesi gedəcək. Əslində, dünya bazarında neftin qiymətinin düşməsi siyasi amillərlə bağlıdır. Davos Forumu ölkəyə investisiyaların cəlb olunması baxımından da mühüm rol oynayacaq. Azərbaycanın hazırda investorlara ehtiyacı var. Dünya bazarında neftin qiymətinin aşağı həddə enməsi bu məsələni daha da labüd etdi. Xüsusilə, qeyri-neft sektoruna investisiyaların qoyulması bizim üçün həyati əhəmiyyətə sahibdir. İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər də düşünürəm ki, ölkəyə investorların cəlb olunmasına şərait yaradacaq”.

İqtisadçı-ekspert Vüqar Bayramlı bildirdi ki, ölkəyə investisiyaların cəlb olunması baxımından bu forumun çox böyük əhəmiyyəti olacaq:



“Davos Forumu hər zaman Azərbaycan üçün əhəmiyyətli tribunalardan biri olub. Bu forum dünya liderlərini, aparıcı iş adamlarını, iri şirkət rəhbərlərini bir yerə toplayır. Azərbaycan isə neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda ölkəyə ciddi investisiyaların qoyulmasına çalışır. Bunun üçün Davos Forumu mühüm əhəmiyyətə sahibdir. Bunun üçün İlham Əliyev dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə forum çərçivəsində bir sıra görüşlər keçirdi. İlham Əliyev ölkəmizdə yaradılmış investisiya mühitini xarici investorların nəzərinə çatdırdı. Bundan sonra ölkəyə investorların cəlb olunması artıq Azərbaycanın öz əlindədir. Əgər xarici investorlar üçün cəlbedici layihələr təşkil olunsa, gələcəkdə ölkəyə ciddi investisiyaların qoyulmasının şahidi ola bilərik. Bir sözlə, ölkəyə investorların cəlb olunması birbaşa olaraq ölkədə aparılan islahatlardan asılı olacaq”.

Qeyd edək ki, Davos Forumu 20-23 yanvar tarixləri arasında keçirildi və Azərbaycan dövlət başçısı səviyyəsində bu forumda təmsil olundu.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2871