Azərbaycan Avropa Şurasında - 15 il


16:11     25 Yanvar 2016 19443.jpg

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 15 il keçir.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.


Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib. 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. 2001-ci il yanvarın 25-də isə Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.

2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb.

2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib.

2004-cü il aprelin 28-29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşüb. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim edib.

2011-ci il yanvarın 26-da Avropa Şurasının binasında ölkəmizin bu quruma üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə həm Azərbaycandan, həm də Avropa Şurasından yüksək vəzifəli şəxslər iştirak ediblər.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. Azərbaycan Respublikasının sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdi. Həmin prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib.

Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub. Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb.

Açar sözlər:

Oxunub: 3442