Avropa Şurası bizə nə qazandırıb? - 15 il ötdü


19:58     25 Yanvar 2016 president_pressconference_220715.jpg

Bu gün Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmağımızdan 15 il keçir.


2001-ci ilin bu günü Strasburq şəhərində Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirildi.

Bəs ötən bu 15 ildə Avropa Şurası ilə əməkdaşlıq bizə nələri qazandırıb?

Azərbaycanın sözü gedən qurumdakı fəaliyyətini Femida.az-a dəyərləndirən millət vəkili Elman Nəsirov bildirdi ki, Azərbaycan bu təşkilatla əməkdaşlıqdan irəli gələrək öz üzərinə götürdüyü öhdəliklərə daima sadiq qalıb:

“Azərbaycan Respublikasının xarici siyasətində prioritet təşkil edən məsələlər sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq və Avropaya inteqrasiya mühüm yer tutur. Bu nöqteyi nəzərdən, Azərbaycan Avropa Şurası ilə əməkdaşlığa xüsusi önəm verib. Avropa Şurasının ən mühüm məqsədləri sırasında insan hüquq və azadlıqlarının və demokratiyanın qorunması məsələsi dayanır. Azərbyacan da Avropa Şurası ilə əməkdaşlıq etməklə insan hüquq və azadlıqlarının qorunması istiqamətində öz üzərinə müəyyən öhdəliklər götürdü. Azərbaycan götürdüyü öhdəliklərə uyğun olaraq müvafiq tədbirlər gördü. Bu tədbirlər sırasına ölüm hökmünün ləğvi, mətbuatda senzuranın aradan qaldırılması, məhkəmə sisteminin inkişaf etdirilməsini aid edə bilərik. Azərbaycan Avropa Şurasına üzvlüklə bağlı götürdüyü öhdəliklərə daima sadiq qalıb”.

“Ermənistanın təcavüzkarlıq siyasəti Avropa Şurasının qətnamələrində həmişə əks olunub”, - deyə millət vəkili münasibət bildirdi:



“Avropa Şurasının da Azərbaycanla əməkdaşlıq etməkdə öz maraqları vardı. Azərbaycan kimi regionun inkişaf etmiş bir dövləti Avropa Şurası üçün böyük əhəmiyyətə sahibdir. Buna görə də Avropa Şurası daima Azərbaycanı öz ətrafında görmək istəyir. Azərbaycan bu təşkilatla əməkdaşlıq edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz haqlı mövqeyini Avropa və dünyaya çatdıra bilir. Avropa Şurası Ermənistanın işğalçılıq siyasətini göz önünə qoyan bir sıra sənəd qəbul edib. Hazırda da iki mühüm sənədin qəbulu gözlənilir. Bu sənədlər "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlardır. Hər iki sənəddə Ermənistanın işğalçılıq siyasəti açıq-aydın göstərilir. Bu sənədlər Ermənistan üzərində konkret məsuliyyət qoyur”.

Elman Nəsirov sonda onu da qeyd etdi ki, bəzi məqamlar sözü gedən təşkilatla Azərbaycan arasındakı münasibətlərə müəyyən soyuqluq elementləri gətirib:

“Təəssüf ki, bəzi hallarda Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın daxili işlərinə qarışma halları hiss olunur. AŞPA-nın qərəzli yanaşmaları Avropa Şurası ilə əlaqələrimizə müəyyən soyuqluq elementləri gətirib. Lakin belə məqamlar ikitərəfli münasibətlərin ümumi xəttinə xələl gətirə bilməz. Azərbaycan həmişə üzərinə götürdüyü öhdəliklərə əməl edib. Bizim qarşı tərəflə əlaqələrimiz yalnız bərabərhüquqlu münasibətlərdən keçir. Azərbaycan regional gücə sahib dövlətdir. Bu dövlətlə münasibətləri pisləşdirmək Avropa Şurasını heç bir formada qane edə bilməz”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1945