AŞ PA-da Azərbaycanla bağlı məruzə qəbul olundu- YENİLƏNİB


19:10     26 Yanvar 2016 aspa%20meruzecisi1.jpg

Avropa Şurası Parlament Assambleyasının sessiyasında Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzəsi qəbul edilib.


Məruzə üzrə əlavə və dəyişikliklər müzakirə olunaraq səsə qoyulub. Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Erməni tərəfi hər cür vasitələrlə məruzənin məzmununu dəyişdirərək, sənədi öz xeyirlərinə yumşaltmağa çalışıblar.

Ancaq onların təklif etdikləri əlavə və dəyişikliklər keçməyib.

Sona yaxın Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyan hesabatın yenidən komitəyə qaytarılmasını təklif etsə də, nə komitə, nə də məruzəçi bu təklifi qəbul edib. Erməni tərəf hətta məruzənin hesabatın adını da dəyişməyə cəhd edib, amma bu cəhd də uğursuzluqla nəticələnib.

Sonda məruzə səsə qoyulub, 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib.

******

AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb. Bu gün AŞPA-nın plenar iclasında keçirilən müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib.

******

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətin müzakirəsi başlayıb.

Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" hesabatının müzakirəsində AŞPA-nın 45 deputatının çıxışı gözlənilir. R.Uolter artıq AŞPA-nın üzvü olmadığından hesabatı sessiya iştirakçılarına AŞPA deputatı Moqens Yensen təqdim edib.

"Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib" adlı hesabatın müəllifi, məruzəçi Militsa Markoviç dinləmələr zamanı bildirib ki, AŞ PA Dağlıq Qarabağ regionunun problemlərinə, Ermənistanın nəzarət etdiyi su anbarındakı sudan qıtlıq çəkən sadə xalqın əzablarına məhəl qoymaya bilməz.

Onun sözlərinə görə, söhbət Avropa Şurası və AŞ PA-nın üzv dövlətinin əhalisindən gedir və humanitar, sosial problemlər bilavasitə bizə aiddir.

"Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi problemi çox vacibdir. Əhalinin içməli su ilə təmin edilməsi üzrə Azərbaycan hakimiyyətinin bütün səylərinə baxmayaraq, irriqasiya üçün su çatışmır. Erməni tərəfi bu məsələ üzrə əməkdaşlıqdan imtina edib".

Daha sonra hər iki hesabat ətrafında müzakirələr başlayıb. İspaniyalı deputat Yordi Çukla hər iki hesabatın qəbul edilməsinə çağırıb. O, AŞPA məruzəçilərinin Ermənistana və Dağlıq Qarabağa buraxılmamasının yolverilməz olduğunu vurğulayıb.

Deputatların çıxışlarından sonra söz alan məruzəçi Militsa Markoviç ermənilərin arqumentlərinə cavab verərək, onların hesabatda "Dağlıq Qarabağın işğal edilməsi" termininə etirazlarının əsassız olduğunu bildirib və Azərbaycan ərazilərinin işğal edilməsi faktı ilə bağlı AŞPA tərəfindən qətnamə qəbul olunduğunu deyib.

Hazırda müzakirələr davam edir.

Bu gün, həmçinin deputat Militsa Markoviçin (Bosniya və Herseqovina) "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" adlı hesabatının da müzakirəsi ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1567