Sakaşvilinin qubernator təyinatının arxasında Azərbaycan amili


15:39     01 İyun 2015 elxan.jpg

Elxan Şahinoğlu: “O, Azərbaycan-Ukrayna iqtisadi və enerji əməkdaşlığının hərəkətverici qüvvəsinə çevrilə bilər...”


Femida az xəbər verdiyi kimi, Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin olunması haqqında fərman imzalayıb. Eyni zamanda, ona Ukrayna vətəndaşlığı verib. Ancaq Saakaşvilinin bu təyinatı birmənalı qarşılanmayıb.

Politoloq Elxan Şahinoğlunun fikrincə, Saakaşvilinin Odessa vilayəti administrasiyasına rəhbər təyin edilməsi indiki situasiyada doğru qərardır. Ekspertin fikrincə, Saakaşvili məhz bir bölgədə Gürcüstan təcrübəsini tətbiq etmək imkanı əldə edib: “Çünki o, Poroşenkonun müşaviri olaraq bacardığını etdi. Saakaşvili açıq şikayət edirdi ki, bəzən onun məsləhətlərini eşitmirlər, ona görə də islahatlar ləng gedir. Poroşenko isə öz növbəsində Saakaşviliyə anlatmağa çalışırdı ki, Ukrayna Gürcüstan deyil, korrupsiyanı qısa müddətdə yox edib islahatları sürətləndirmək üçün vaxt lazımdır. Poroşenko Saakaşviliyə konkret sahə verdi ki, bu qədər bacarıqlısansa, öz imkanlarını işdə göstər, Odessa vilayətini düzəlt. Yəni Saakaşviliyə poliqon verdi”.

Ancaq Şahinoğlunun fikrincə, bu, heç də asan olmayacaq: “Çünki Odessa Gürcüstana bənzəmir. Odessanın əhalisi çox qarışıqdır, ruslar arasında separatizmə meyllilik var. Digər tərəfdən, Saakaşvilinin Odessada uğur qazanmaması üçün Moskva əlindən gələni edəcək. Çünki Saakaşvili Odessada uğur qazansa, bu, Kremlin məğlubiyyəti olacaq, Moskva separatizmin Ukraynanın mərkəzinə doğru irəliləməsini təmin edə bilməyəcək. Saakaşvili bu amili nəzərə alır. Ona görə də təyinatının sabahısı günü elan edib ki, Odessa vilayətinin idarəetməsində ciddi kadr dəyişiklikləri həyata keçirəcək, Gürcüstanda olduğu kimi, Odessada da idarəetməyə müsabiqə yolu ilə gəncləri cəlb edəcək. Saakaşvilini başqa bir çətinlik də gözləyir. Ukraynanın məşhur oliqarxı Kolomoyskiy Dnepropetrovksla yanaşı Odessaya da nəzarəti həyata keçirirdi. Kolomoyskinin adamları Odessada böyük iri müəssisələri ələ keçirib işlədirdilər. Doğrudur, hazırda Poroşenko Kolomoyskini idarəetmədən uzaqlaşdırıb, ancaq oliqarx nəzarətindəki müəssisələri kiminləsə bölüşmək istəmir”.

Saakaşvilinin Ukraynada qubernator təyinatı onun yenidən Gürcüstana qayıdıb siyasi post tutması yolunu da bağlayıb: “Saakaşvili yenidən Gürcüstanda prezident seçiləcəyinə ümidli idi. Ancaq son həftələrdə Saakaşvilinin partiyasında baş verən parçalanma onun Gürcüstandakı siyasi şanslarının azaldığını göstərdi. Buna görə də Saakaşvili sonda Poroşenkonun təklifinə razılıq verdi”.

Və nəhayət, Saakaşvilinin məhz strateji əhəmiyyətli liman şəhərinə təyin olunmasının arxasında ciddi siyasi mətləblər dayanır. E.Şahinoğluna görə, burda Azərbaycan amili də var: “Odessa Qara dənizə çıxışı olan liman şəhəridir. Şəhərdə bölgənin nəhəng neftayırma zavodu var. Bu zavoda ARDNŞ illərdir maraq göstərir. İkincisi, Azərbaycan Gürcüstanın Qara dənizə çıxan limanlarında qaz terminalları inşa edir. Gələcəkdə bu terminallar vasitəsilə Qara dəniz ölkələrinə sıxılmış qaz satmaq olar. Həmin sıxılmış qazı Odessa limanı üzərindən Ukraynaya satmaq olar. Onsuz da Ukrayna Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Demək, Odessaya çatdırılan Azərbaycan qazı Ukrayna üçün alternativ enerji mənbəyi rolunu oynayacaq. Digər tərəfdən, təxminən 15 ildir ki, Bakı ilə Kiyev arasında Odessa-Brodı neft kəmərinin Azərbaycan nefti ilə doldurulmasına dair danışıqlar gedib. Saakaşvili Odessa qubernatoru olaraq bu layihəni də aktuallaşdıra bilər.

Yəni Saakaşvili Azərbaycan-Ukrayna iqtisadi və enerji əməkdaşlığının hərəkətverici qüvvəsinə çevrilə bilər. Saakaşvilinin Bakı ilə Kiyev arasında bu vasitəçiliyi Azərbaycanın xeyrinədir. Saakaşvili Azərbaycanın və prezident İlham Əliyevin yaxın dostudur. Bu dostluq imkan verəcək ki, necə ki, Azərbaycan vaxtilə Gürcüstana yatırımlar həyata keçirdi, eləcə də indi Azərbaycan Odessanın müxtəlif sahələrinə yatırımlar həyata keçirsin. Ukraynada hazırda iqtisadi vəziyyət ağır olsa da, Ukrayna bazarı Gürcüstan bazarından böyükdür, Avropaya çıxış imkanı var. Qərb dövlətləri və maliyyə institutları Ukraynaya böyük maliyyə vəsaitləri ayırırlar. Odur ki, Azərbaycan bu münbit bazardan istifadə edə bilər. Mən istisna etmirəm ki, Saakaşvili Odessa qubernatoru olaraq ilk xarici səfərini Azərbaycana edəcək. Saakaşvilini Türkiyədə də yaxşı tanıyırlar. O, Azərbaycanla yanaşı Qara dəniz üzərindən Türkiyə ilə sıx münasibətlər qurub, türk iş adamlarını Odessadakı iqtisadi layihələrə, dövlət müəssisələrinin özəlləşdirilməsinə cəlb edə bilər”.

Açar sözlər:

Oxunub: 794


Oxşar xəbərlər