Krediti olanlar- DİQQƏT


16:36     01 İyun 2015 dollarla-krediti-olanlar-ne-etmeli-ekspert-reyi-620x400.jpg

Bu gün krediti olmayan insana demək olar ki, rast gəlmək mümkün deyil.


Femida.az bu gün vətəndaşların bankdan götürdüyü krediti vaxtından əvvəl qaytara bilərmi və buna görə bank əlavə haqq tuta bilərmi sualları ətrafında araşdırma aparıb.

Mövzu ilə əlaqədar suallarımızı bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov cavablandırıb:

“Bir sıra yerli bank və bank olmayan kredit təşkilatı kredit müqaviləsində nəzərdə tutub ki, borclu krediti vaxtından əvvəl qaytardığı halda əlavə komisyon haqq və ya faiz ödəməlidir. Bəzi banklar isə vaxtından əvvəl ödənişi qəbul etsə də, yalnız qrafik üzrə vaxt çatdığı andan kreditin ödənişi hesab edir. Hüquqi şəxslər və fərdi sahibkarlara münasibətdə bu şərt mümkündür. Amma vətəndaşa münasibətdə qanuna ziddir. Belə ki, Mülki Məcəllənin 427.1- ci maddəsinə əsasən borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Məcəllənin 428.1-428.3-cü maddələrindən isə belə çıxır ki, bu hüquq müəyyən hallarda sahibkara münasibətdə məhdudlaşdırıla bilər. Vətəndaşa münasibətdə isə yox! Məcəllənin 744-cü maddəsində (“Borc alanın müqaviləni ləğv etməyə xüsusi hüququ”) də eyni yanaşmadır. Həmin maddənin dili qüsurlu olsa da, Almaniya Mülki Qanunnaməsindən götürüldüyü üçün anlaşılandır. Qısaca mənası budur ki, borc alan fiziki şəxs kredit müqaviləsinə krediti aldıqdan sonra 9 aydan tez olmamaqla və 3 ay qabaqcadan xəbərdarlıq verməklə xitam verə bilər (torpağın ipotekası ilə təmin edilmiş kredit istisna olmaqla). Sahibkardırsa, 10 ildən tez olmaz.

Nəticə: borclu vətəndaş Məcəllənin 744.1.3-cü maddəsinə əsasən 3 ay qabaqcadan xəbərdarlıq verməklə müqaviləyə xitam verə, yəni borcu tam bağlaya bilər. Bu 3 aylıq xəbərdarlıq müddətini də formallığa çevirmək olar. Çünki bu müddət öhdəliyin vaxtından əvvəl ödənilməsi üçün deyil, müqaviləyə xitam vermək üçündür.

Məcəllənin 428.1-428.3-cü maddələrinə görə fiziki şəxs istənilən halda öhdəliyi vaxtından əvvəl icra edə bilər. Buna görə də borcluya heç nə mane olmur ki, məsələn, 1000 manat borcunun 999 manatını vaxtından əvvəl ödəsin, bundan sonar müqaviləyə xitam verməsi haqda banka xəbərdarlıq göndərsin və 3 aydan sonra 1 manatı da ödəyib borcu tam bağlasın. Beləliklə, kredit müqaviləsində vətəndaşın krediti vaxtından qaytarılmasına yönələn hər hansı məhdudiyyət, o cümlədən əlavə haqqın ödənilməsi tələbi qanunsuzdur! Bu, həmçinin bütövlükdə kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilər. Çünki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3443