“Ölmüş” sahələri necə inkişaf etdirək?


15:52     02 Fevral 2016 UZUMCULUK6.jpg

Azərbaycan hazırda neft ölkəsi olsa da, vaxtilə neftdən asılı olmayan və spesifik sahələri inkişaf etmiş bir ölkə idi.


Yəni, vaxtilə ölkəmizdə həm aqrar, həm də sənaye sektoru xeyli inkişaf etmişdi. Sənaye sektorunda neft maşınqayırması, kimya sənayesi, yüngül sənaye kimi inkişaf etmiş sahələr var idi. Aqrar sahədə isə üzümçülük, şərabçılıq, pambıqçılıq kimi sektorların inkişafı xüsusilə vurğulanmalıdır. Bu sahələrin bazarı da var idi. Ən maraqlı cəhət isə istənilən sahəyə uyğun kadrların olması idi. Yəni hər sahənin öz mütəxəssisi var idi.

Təəssüf ki, bu sahələr neftdən gələn gəlirlər artdıqca unuduldu və tarixə qovuşdu. Neftin qiymətinin dünya bazarında hədsiz dərəcədə aşağı düşməsi və neft gəlirlərinin azalması isə həmin sahələrin inkişafını yenidən gündəmə gətirdi.



“Ölmüş” sahələrin yenidən inkişaf etməsi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Femida.az-a danışan iqtisadçı-ekspert Vüqar Bayramlı bildirdi ki, həmin sektorların iflasa uğramasının əsas səbəbi dünya bazarında neftin qiymətinin bir müddət xeyli yüksək olmasıdır:

“Neftin qiymətinin 1999-2014-cü illər ərzində yüksək olması Azərbaycanda bəzi sektorların diqqətdən kənarda qalmasına gətirib çıxardı. Nəticədə, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bəzi sektorlar faktiki olaraq fəaliyyətini dayandırdı. Reallıq bundan ibarətdir ki, Azərbaycan uzun müddət kənd təsərrüfatı, yüngül sənaye , kimya sənayesi, hətta qida sənayesi sahəsində regionda aparıcı mövqeyə malik olub. Azərbaycanın neft-maşınqayırma sahəsində istehsal etdiyi avadanlıqlar dünyanın müxtəlif ölkələrinə ixrac edilib. Amma təəssüf ki, həmin sektorlar neftin qiymətinin enməsi ilə tədricən çöküşə doğru getdi.”



Ekspert həmin sektorların yenidən bərpa olunmasının həlli yollarını da təklif etdi:

“Neftin qiymətinin dünya bazarında aşağı olması həmin sektorların inkişafını yenidən gündəmə gətirdi. Son müşavirədə ölkə prezidenti də həmin sektorların inkişaf etdirilməsi ilə bağlı öz tapşırıq və göstərişlərini verdi. Dünya bazarında neftin qiymətinin aşağı olmasına heç də neqativ hal kimi yanaşmırıq. Yəni bu məqamda planlı şəkildə əvvəllər inkişaf etmiş sahələri yenidən canlandıra bilərik. Hazırda ciddi islahatlara ehtiyac var. İnvestisiya mühiti yaxşılaşdırılmalıdır. Sahibkarlıq fəaliyyətinə maneə törədən amillər aradan qaldırılmalıdır. Bununla xarici investorlar cəlb oluna, ciddi rəqabət mühiti yaradıla və əvvəllər inkişaf etmiş spesifik sahələrin inkişafını yenidən bərpa edə bilərik. İstər aqrar, istərsə də sənaye sektorunun inkişafı üçün dövlət dəstəyi təmin olunmalıdır”.

Ekspertin də dediyi kimi, dünya bazarında neftin qiymətinin aşağı enməsi heç də neqativ qiymətləndirilməməlidir. Biz bu situasiyadan müsbət mənada yararlana bilərik. Bununla da əvvəllər xeyli inkişaf etmiş sektorların inkişafı yenidən bərpa oluna bilər.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1428


Oxşar xəbərlər