İlham Əliyev 2 fərman imzaladı


18:30     03 Fevral 2016 8768088693.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.


Femida.az xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb.

Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:

2.1. nizamnamənin və strukturunun təsdiqi;

2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

3. Müəyyən edilib ki:

3.1 Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır;

3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin.

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri

Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə

Dövlət Komitəsinin sədri

İşçi qrupunun üzvləri

Asim Məmmədov - “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə

Şurasının sədri

Cəlal Qasımov - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə

Şurasının sədri

Faiq Hüseynov - “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin

sədri

Rövşən Cavadov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun

investisiya departamentinin direktoru

Zəka Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və

sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri

6. İşçi qrupuna tapşırılsın ki:

6.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar:

6.2.1. “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, Bank olmayan kredit təşkilatları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2.2. Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.


Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsinin, uşaq evləri sosial xidmət müəssisəsinin, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin, məktəbəqədər təhsil müəssisəsinin, ümumtəhsil məktəbinin, ilk peşə-ixtisas təhsili müəssisəsinin, orta ixtisas təhsili müəssisəsinin, ali təhsil müəssisəsinin, xüsusi təhsil müəssisəsinin və ailə tipli kiçik qrup evinin nümunəvi nizamnamələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Müəyyən edilib ki:

2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı həyata keçirir;

2.2. həmin Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Açar sözlər:

Oxunub: 953