“Kredit borcumu ödəməyəcəm”, - deyənlərə məsləhət


21:22     03 Fevral 2016 BORCLU%20SEXSW.jpg

Hər kəs sual verir, borcumu ödəməsəm mənə nə olacaq? Amma çox az adam sual verir ki, borcumu ödəməmək mənə sərf edir, ya yox.


Burada mən çalışmışam ki, hüquqi yox, daha çox maddi müstəvidə bu suala aydınlıq gətirim.

Borcunu ödəməyən borclunun kreditor (satıcı, icraçı, podratçı, bank və s.) qarşısında mövcud borcunu ödəməklə yanaşı onun üzərinə aşağıdakı xərclər qoyula bilər:

- Verilmiş borca görə faiz öhdəliyinin həcmi günbəgün artacaq. Belə ki, faiz borc məbləğinə əsasən hesablandığından müvafiq aylıq ödəniş icra edilməyəndə, avtomatik olaraq borclunun bank qarşısında faiz borcu artacaq.

- Borcun gecikdirilməsinə görə müqavilə üzrə cərimə faizləri tətbiq olunacaq. Bu cərimələr 2 formada ola bilər: birdəfəlik və ya hər gecikdirmə gününə tətbiq olunan gündəlik cərimələr. Banklar tərəfindən tətbiq olunan müqavilələrdə hətta həm birdəfəlik, həm də gündəlik hesablanan cərimələrə rast gəlinir.

- Borcun gecikdirilməsindən banka zərər dəyərsə, bu zərər məbləği də borclunun üzərinə qoyula bilər. Belə xərclərin dairəsi çoxdur.


Borcun gecikdirilməsi ilə bağlı banka aşağıdakı zərərlər dəyə bilər:

borcun ödənilməsi ilə bağlı mobil və statik telefon zənglərinin xərcləri,
borcluya, məhkəməyə, icraçılara, üçüncü şəxslərə xəbərdarlıq və digər poçt xərcləri, dəftərxana xərcləri borculunun ziyarət edilməsi ilə bağlı xərclər (nəqliyyat, ezamiyyə və s.), borclunun məhkəməyə verilməsi ilə bağlı dövlət rüsumu, notariat xərcləri və s.

Məhkəmə prosesi zamanı ekspertiza, mütəxəssis cəlb etmə və qiymətləndirmə xərcləri;

Borclunun girov və s. əmlakının (maşın və s.) tapılması ilə bağlı xərclər;

Borc kollektor şirkətləri vasitəsilə tələb edildikdə, onlara verilən xidmət haqqı x ərcləri;

Borclu məhkəməyə hüquq şirkətləri vasitəsilə verildikdə, onlara verilən xidmət haqqı və hüquqi təqib üzrə xərclər;

Borclunun əmlakının hərrac vasitəsi ilə satılması üzrə xərclər. Burada borclu üçün əsas risk təkcə hərracı təşkil edən şirkətin xidmət haqqı xərcinin borclunun üzərinə qoyulması deyil, həmçinin borclunun əmlakının dəyərindən daha ucuz qiymətə satılması riskidir.

Borc sığorta şirkətləri tərəfindən sığortalanmışdırsa, sığorta şirkətinin xidmət haqqı xərci.

Bankdan müdafiə olunmaq üçün borclunun vəkil və ya hüquqşünasın xidmət haqları və xərcləri və s.

Məhkəmə icraçılarının borcun 7% həcmində xidmət haqqısı.

Hətta borcun ödənilməməsindən irəli gələrək bank müştəridən real zərərlə yanaşı əldən çıxmış faydanı da tələb edə bilər (misalçün, bank ödənilməyən borcu təkrar borc kimi verə bilmir, habelə bank gecikdirilmiş borca görə AMB-nin tələblərinə uyğun olaraq müvafiq vəsaitləri dövriyyədən çıxararaq ehtiyatda saxlayır və s. bütün bu hallarda bank gəlir əldə etməm imkanlarını itirmiş olur).

Bu yuxarıda qeyd edilənlər borcun vaxtında ödənilməməsinə görə borlunun üzləşə biləcəyi yalnız maddi itkilərdir. Borclu borcunu ödəmədiyi təqdirdə bu maddi itkilərdən başqa onu bir çox digər hüquqi və s. risklər gözləyir:

- Borcluya sonsuz zənglər edilir,

- Nəticə olmadıqda onun yaxın qohumlarına və digər əlaqədar şəxslərə (dostlar, iş yoldaşları, şəxsi tanışları) zəng edilir,

- Onun yaşayış ünvanına xəbərdarlıq məktubları göndərilir,

- Nəticə olmadıqda onun iş yerinə, təhsil aldığı təşkilatlara və s. əlaqədar olduğu yerlərə xəbərdarlıq məktubları göndərilir,

- Borclu ilə görüşmək üçün onun yaşayış ünvanına, iş yerinə, təhsil aldığı təşkilatlara və s. əlaqədar olduğu yerlərə baş çəkilir (ziyarət edilir),

- Yaşadığı və ya işlədiyi ünvana məhkəmə çağırışının göndərilməsi ilə bağlı risklər

- işdən icazə alınmaqla məhkəməyə gedib-gəlmə riskləri

- sonda əleyhinə məhkəmə qərarının çıxarılması

- məhkəmə qərarı ilə bağlı apellyasiya və kassasiya instansiya məhkəmələrinə gedib-gəlmək

- Məhkəmə icraçıları tərəfindən borcluya qarşı məcburetmə tədbirləri (borclunun icra şöbəsinə gedib izahat verməsi, icraçılar tərəfindən təqib, borcun əmək haqqına yönəldilməsi, borcluya qarşı inzibati həbs, borclunun əmlakına həbs qoyulması, borclunun evdən çıxarılması, borclunun barədə cinayət məsuliyyətinə cəlb edilməsi və s.)

Bununla yanaşı borclunun mərkəzləşmiş kredit reyestrində mənfi kredit tarixçəsi yaranır ki, bu da gələcəkdə borclunu banklardan kredit götürmək imkanlarından məhrum edə bilər.

Ümumən, bir çox şirkətlər və dövlət orqanları artıq bu və ya digər şəxsi işə götürərkən mərkəzləşmiş kredit reyestrində namizədin kredit tarixçəsi ilə də maraqlanırlar. Təbii ki, belə halda heç bir namizəd özünün mənfi kredit tarixçəsinə malik olmaq istəməz.

Göründüyü kimi, bu xərcləri və riskləri görə bilən istənilən şəxs öz borcunu vaxtında ödəməyin onun üçün ən əlverişli variant olduğunu birmənalı olaraq qəbul edəcək.

Təbii ki, sözü bütöv və əməli sadiq olan insana onun borcunun qaytarılmalı olmasını xatırlatmaq yersizdir. O, gözəl anlayır ki, borcu nəyə görə götürüb və hər hansı obyektiv və subyektiv səbəblərə istinad etmədən borcunu vaxtında qaytarmağın onun şərəf işi olduğunu məsuliyyətlə anlayır. Həmçinin dərk edir ki, əgər o öz borcunu vaxtında qaytararsa, gələcəkdə daha əlverişli şərtlərlə borc götürə biləcək. O bəlkə də öz sosial məsuliyyətini hər şeydən öndə saxlayır. Anlayır ki, öz borcunu vaxtında ödəməzsə, əmanətçilərin vəsaitlərinin qaytarılması, bankda çalışan soydaşlarımızın əmək haqlarının ödənilməsi və dövlət büdcəsinə iri vergi ödəyicisi olan banklar tərəfindən vergilərin ödənilməsi sual altına düşəcəkdir. Nəticədə başımızın tacı olan əlillərimiz, pensiyaçılarımız və övladlarımızı təlim-tərbiyə verən müəllimlərimiz, vətənimizi qoruyan əsgər və zabitlərimiz maddi təminatsız qalmaq təhlükəsi ilə üzləşəcəklər.

Bizim soydaşlarımızın tam əksəriyyəti yuxarıda qeyd etdiyim insani keyfiyyətlərə və vətəndaş təəssübkeşliyinə malikdirlər. Təbii ki, obyektiv üzrlü səbəblərdən borcunu vaxtında ödəyə bilməyənlər də vardır. Lakin onlar anlayırlar ki, hətta bu məsələdə bankla əməkdaşlıq edib vəziyyətdən birgə çıxış yolu axtarmaq ən düzgün seçimdir.

Bununla belə, təəssüflə qeyd edim ki, öz müqavilə öhdəliklərini, vətəndaş mövqeyini və sosial məsuliyyətini qulaqardına vuran və iqtisadiyyatımıza xaricdən idxal olunmuş bu günkü vəziyyətdən öz borcunu qaytarmamaq üçün fürsət kimi istifadə edən vətəndaşlarımız da az da olsa vardır. Biz birgə səylərimizlə bu insanları inandarmalıyıq ki, bu yol ilk növbədə onlar, sonra isə bütövlükdə iqtisadiyyatımız, cəmiyyətimiz və dövlətimiz üçün qəbuledilməzdir.

Müəllif: Qorxmaz Ağayev, Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri, "Marja.az" portalı üçün

Açar sözlər:

Oxunub: 1826