`Prezidentin mesajı hər bir məmur üçün ciddi siqnaldır`

`Prezidentin mesajı hər bir məmur üçün ciddi siqnaldır`


01:30     04 Fevral 2016 9f42fd9a3ec76d8b20774131aac1d8624.jpg

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş kollegiya iclası keçirilib.


Komitədən Femida.az-a verilən məlumata görə, son günlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirələrdə, xüsusən regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü Dövlət Proqramının ikinci ilinin icrasının yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn və qarşıya qoyulan vəzifələrin, onların yerinə yetirilməsi istiqamətində görülən işlərin və Dövlət Komitəsinin ötən ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında birinci məsələ ətrafında çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, bu gün dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanda dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bir çox məsələlər özünün müsbət nəticəsini tapıb, sosial layihələrin icrası davam etdirilib.

Ölkəmizdə nəzərdə tutulan bütün proqramların icra edildiyini, hələ 2008-ci ildən dünyada bir neçə ildən sonra başlayacaq iqtisadi böhran barədə ölkə başçısı tərəfindən proqnoz verildiyini və onun qarşısının alınması məqsədilə konkret tapşırıqlar verildiyini qeyd edən Ə.Həsənov bu böhranın 2015-ci ildə də Azərbaycana ciddi təsir etmədiyini, əksinə, bir çox sahələrdə inkişafa nail olunduğunu diqqətə çatdırıb. Baş nazirin müavini vurğulayıb ki, o qədər də asan olmayan geosiyasi vəziyyət və qlobal iqtisadi böhran fonunda bunlar ölkəmiz üçün böyük uğurdur. Dövlətimizin başçısının da dediyi kimi, 2015-ci ildə bütün sosial proqramlar icra olunub və bu işlər hazırda da uğurla davam etdirilir. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyasının müəyyən problemlər yaratmasına baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi altında aparılan dərin iqtisadi islahatlar, həyata keçirilən digər zəruri tədbirlər ölkəmizin bu vəziyyətdən də uğurla çıxmasına imkan verəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq, bu il bizim iqtisadiyyatımız daha da güclənəcək.

Artıq bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdıran Baş nazirin müavini Ə.Həsənov deyib ki, müxtəlif təbəqədən olan insanlara, aztəminatlı ailələrə, eləcə də məcburi köçkünlərə verilən müavinətlərin və digər imtiyazların artırılması sosial sahədə dövlətin nəzərdə tutduğu prioritet istiqamətlərdəndir.

Ötən il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi sahələrində artıma nail olunduğunu, xüsusilə son 12 ildə regionların elektrik enerjisi, içməli su, təbii qazla təmin olunmasında, abadlıq və quruculuq işlərinin, sosial-infrastruktur layihələrinin geniş vüsət almasında hərtərəfli inkişafa nail olunduğunu bildirən Ə.Həsənov Prezident İlham Əliyevin ölkəmizdəki qaçqın və məcburi köçkünlərə hərtərəfli qayğı və diqqətindən də danışaraq bildirib ki, cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş müvafiq dövlət proqramlarına və onlara edilmiş əlavələrə uyğun olaraq indiyədək onların sosial-məişət şəraitlərini yaxşılaşdırımaq məqsədilə müxtəlif ərazilərdə salınmış bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qəsəbələrdən 89-u məhz son 12 ildə tikilərək istifadəyə verilib və bu qəsəbələrə köçürülmüş 243 min məcburi köçkündən 225 min nəfəri son 12 ilin payına düşür.

Bütün bunları ölkə rəhbərinin respublikanın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə, onun güzəranını yaxşılaşdırmağa önəm verdiyinin, sosial məsələlərin həllinə böyük diqqət yetirdiyinin bariz nümunəsi kimi dəyərləndirən Ə.Həsənov bildirib ki, son 12 ilin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividentlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Baş nazirin müavini Ə.Həsənov kollegiya iclasında, həmçinin Prezident İlham Əliyevin çıxışlarında yer alan ən mühüm məsələlərdən danışaraq qeyd edib ki, ölkəmizdə biznes mühitinin yaradılması, bunun üçün sahibkarlara kömək göstərilməsi, iş adamlarına qarşı maneələrin aradan qaldırılması, ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət ayrılması və digər məsələlərlə bağlı dövlətimizin başçısı konkret vəzifələr müəyyənləşdirməklə müvafiq qurumlara xüsusi tapşırıqlar verib. O, çıxışında mühüm bir məqama da toxunaraq qeyd edib ki, dövlətimizin başçısı tutduğu vəzifədən asılı olmayaraq hər bir məmurdan vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini bir tələb kimi qarşıya qoyur və bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər: "Hər bir məmur xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar" mesajı bu gün hər bir məmur üçün ciddi siqnal olmalıdır. Ona görə də Prezidentin bütün vəzifəli şəxslər qarşısında qoyduğu bu tələblərə ciddi əməl edilməlidir ki, vətəndaşlarımız əziyyət çəkməsinlər. Çünki bu gün atılan bütün addımlar da məhz əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir".

Ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Ə.Həsənov onu da bildirib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir.

Baş nazirin müavini diqqətə çatdırıb ki, bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamənin AŞ PA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi. AŞ PA bu addımı ilə Ermənistanın Azərbaycan torpaqlarının işğal etdiyinə dair özünün qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxmaq kimi dəyərləndirilir.

Təbii ki, burada ATƏT-in Minsk qrupunun da fəaliyyətsizliyi özünü göstərdi. Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər.

Kollegiya iclasında, həmçinin ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunaraq bildirilib ki, həmişə olduğu kimi, 2015-ci ildə də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmaqla cənab Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib. Bunların nəticəsidir ki, ötən il məcburi köçkünlər üçün daha 5 müasir tipli qəsəbə istifadəyə verilib, 15 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Kollegiya iclasında, həmçinin diqqətə çatdırılmışdır ki, təqaüd yaşlarına çatdıqları üçün bir sıra əməkdaşlar təqaüdə göndərilib və bu sahədə işlər davam etdiriləcək.

Ümumilikdə götürdükdə ötən il Dövlət Komitəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olub. Kollegiya iclasında əminliklə vurğulanıb ki, cari ildə də bu sahəyə müntəzəm qayğı və diqqət göstərilməklə qarşıya qoyulan vəzifələr öz həllini tapacaq.

Açar sözlər:

Oxunub: 890