Prezident Londona niyə dəvət olunub?


15:43     04 Fevral 2016 ilhsm%20eliyev%20londona.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyaya səfərə gedib.


Prezidentin səfərində əsas məqsəd Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək olsa da, səfər çərçivəsində bir sıra hökumət və dövlət başçıları ilə ikitərəfli görüşlər keçiriləcəyi də istisna edilmir.

Politoloqlar bu konfransın Azərbaycan üçün siyasi qazanc olduğunu və səfrə çərçivəsində Azərbaycanın mövqeyinin öyrəniləcəyini vurğuladılar.

Politoloq Qabil Hüseynlinin fikrincə, dünyanın aparıcı dövlətləri Azərbaycanın mövqeyini öyrənməyə çalışacaqlar:

“Konfrans dünyanı maraqlandıran çox mühüm məsələyə həsr olunub. Burada əsas müzakirə mövzusu Suriya məsələsi və regionda gərginliyin artması ilə bağlı olacaq. Başlıca yeri isə Rusiya faktoru tutacaq. Rusiyanın Suriyada apardığı əməliyyatlar və Əsədə açıq-aşkar kömək etməsi, Türkiyənin isə Suriyadakı məsələlərlə daha yaxından maraqlanması konfransda müzakirə predmetinə çevriləcək mövzulardandır. Rusiyanın son müdaxilələri NATO-nu sözsüz ki, narahat edib. Bu konfransda qərb dövlətləri Azərbaycanın mövqeyini öyrənməyə çalışacaqlar. Azərbaycan Rusiya ilə tərəfdaş dövlətdir. Azərbaycanın qərb dövlətləri ilə də sıx münasibətləri var. Ərazimiz qərblə şərq arasında tranzit keçid rolunu oynayır. Azərbaycan qərb üçün enerji mənbəyidir. Bu baxımdan Azərbaycanın mövqeyi qərb üçün çox vacibdir. Londonda Rusiyaya yəqin ki, müəyyən eyhamlar olacaq. Çox güman ki, bu eyhamlar konfransda iştirak edən dövlətlərin adından səslənəcək”.



Qabil Hüseynli Azərbaycanın neytral mövqe nümayiş etdirəcəyini bildirdi:

“Azərbaycan qoşulmayanlar hərəkatının üzvüdür. Heç bir bloka qoşulmuruq. Bu məsələ ilə bağlı da Azərbaycanın neytral mövqe nümayiş etdirəcəyinə inanıram”.

Politoloq Fikrət Sadıqov hesab edir ki, bu konfransda iştirak Azərbaycan üçün siyasi bir qazancdır:



“Azərbaycan Prezidentinin sözügedən konfransa dəvət olunması Azərbaycanın regiondakı nüfuzundan xəbər verir. Azərbaycan regionun aparıcı dövlətidir. Dünyanın aparıcı dövlətlərinin liderləri Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətindədir. Suriyada baş verən hadisələr Azərbaycanı təbii olaraq, narahat edir. Azərbaycan bu məsələ ilə bağlı öz sözünü deyəcək və açıq şəkildə mövqeyini ortaya qoyacaq. Yəqin ki, dünyanın aparıcı dövlətlərinin liderləri ilə Prezident İlham Əliyev arasında ikitərəfli görüşlər keçiriləcək və müəyyən razılıqlar olacaq. Bu konfransda iştirak bizim üçün siyasi qazancdır. Nəticə etibarilə, bu konfrans həm region, həm də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və müsbət nəticələri olacaq”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2572