17 il müzakirə olunan qanun – İcbari tibbi sığorta (Müsahibə)

17 il müzakirə olunan qanun – İcbari tibbi sığorta (Müsahibə)


15:27     05 Fevral 2016 rusvettt.jpg

İcbari tibbi sığorta niyə yoxdur?


Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı ilə müsahibəni oxuculara təqdim edirik:

Xəyal müəllim, Azərbaycanda icbari tibbi sığorta haqqında qanun var, lakin görünən odur ki, qanunun tətbiqi mexanizmində müəyyən problemlər yaranıb. Bəs, bu problemlər hansılardır?

- İcbari tibbi sığortanın bu günə qədər həyata keçirilməməsindəki əsas problem hökumətin məsələyə laqeyd yanaşmasıdır. Çünki qəbul edilən bir qanun 17 il ərzində dayandığı yerdən tərpənmirsə, bunda başqa səbəb axtarmaq lazım deyil. Mən ciddi şəkildə şübhə edirəm ki, neftin qiymətinin ən yüksək səviyyədə olduğu dövrlərdə əgər bu qanunu tətbiq etməyi bacarmadıqsa, bugünkü böhran reallığında bu arzu daha da əlçatmaz görünür. Əhali bu qanunu gözləyə-gözləyə yaşlanır.

Hansı qurumlar bu məsələyə cəlb olunmalıdır?

-İcbari tibbi sığortaya keçid prosesində 3 tərəf iştirak edir; büdcə (hökumət), səhiyyə sistemi və sığorta təşkilatları. Bir çoxları belə hesab edir ki, sığorta şirkətləri bu prosesə hazır deyil. Mən isə tam əksinə düşünürəm. Belə ki, bu 3 subyektdən prosesə tam hazır olan yeganə tərəf sığorta sistemidir. İcbari tibbi sığortaya hazır olmayan tərəf isə səhiyyə sistemi ilə büdcədir. Səhiyyə sistemində olan bütün tibb müəssisələri, xəstəxanalar, klinikalar rəsmi şəkildə şəffaf fəaliyyətə keçməli, idarəetmə sistemlərini təkmilləşdirməli, bütün göstərdikləri xidmətlər üçün rəsmi olaraq qiymətlər müəyyən etməlidirlər. Baxmayaraq ki, özəl tibb müəssisələrinin bir çoxlarında bunlar mövcuddur, amma dövlət xəstəxanaları və müəssisələri bundan çox uzaqdırlar, xüsusilə də bölgələrimizdə bununla bağlı ciddi problemlər hökm sürür. Büdcəyə gəldikdə isə onu qeyd edim ki, bu günki reallıqda işləməyən əhali üçün büdcədən icbari tibbi sığortanın həyata keçirilməsi üçün təxminən 1 milyard manata yaxın vəsaitin hər il ayrılması inandırıcı görünmür.



Sizin fikrinizcə, sığorta sahəsində millət vəkillərinin olmaması bu sahədə geriliyi yaradan səbəblərdən ola bilərmi?

- Əlbəttə, səbəblərdən biridir. Çox təəssüf olsun ki, bir çox hallarda qəbul edilən qanunların müzakirəsi prosesinə bu sahənin mütəxəssisi olan şəxslər cəlb edilmir. Hətta bəzən elə qərarlar qəbul edilir ki, o qərarların tətbiq olunduğu şəxslər çaş-baş və çıxılmaz vəziyyətdə qalırlar. Ötən aylarda qəbul edilən bir sıra qərarların qısa bir müddət sonra ləğv edilməsi də buna sübutdur. İcbari tibbi sığorta sisteminin uğurla tətbiq olunması üçün sığortaçılar, səhiyyə və hökumət birgə müzakirələr aparmalıdırlar, məsələlərə kompleks yanaşma lazımdır.

Azərbaycanda tibbi xidmət pulsuzdur. Əgər belədirsə, icbari tibbi sığortaya ehtiyac yaranırmı? Yəni bu iki anlayış bir-birinə zidd deyilmi?

-Bəli, birincisi onu qeyd edim ki, 2008 ci ildən tibbi xidmətlərin pulsuz olması barədə qərar olsa da, mən bu günə qədər pulsuz tibbi xidmət alan birinə rast gəlməmişəm. İcbari tibbi sığortanın tətbiqi üçün bu qərar qüvvədən düşməlidir. İkincisi, sığorta təşkilatlarının tibb müəssisələrinə göstərilən xidmətlərin haqqını ödəyə bilmələri üçün göstərilən bütün xidmətlərə görə onlara hesab faktura təqdim edilməlidir. Əgər tibbi xidmət pulsuzdursa, o zaman sığorta şirkətləri bu müəssisələrə nəyin haqqını ödəməlidirlər? İcbari tibbi sığorta səhiyyənin maliyyələşdirilməsinin ən ideal və proqressiv yoludur. Bu qanun nə qədər tez tətbiq edilərsə, dövlət büdcəsindən səhiyyəyə ayrılan və bir çox hallarda aqibəti məlum olmayan vəsaitlərə də o qədər qənaət edilər, səhiyyə təşkilatlarının xidmət səviyyəsi də azad rəqabət mühitində gündən günə yüksəlmiş olar.

Yaxın vaxtlarda bu sahədə problelərin aradan qalxmasının şahidi olacağıqmı?

- Çox təəssüf olsun ki, icbari tibbi sığortanın tətbiqi üçün ciddi müzakirə predmeti olan məsələlər hələ də öz həllini tapmayıb. Hələ də icbari tibbi sığorta proqramına daxil ediləcək xəstəliklərin, müayinə və tibbi xidmətlərin siyahısı bəlli deyil. Hələ də sığorta məbləği və sığorta haqqı barədə ortaq fikrə gəlinməyib. İllərlə müzakirə olunsa da işləyən əhali üçün sığorta haqqının necə ödəniləcəyi, işəgötürən və işçi arasında necə bölünəcəyi, sığortası dövlət büdcəsindən maliyyələşdiriləcək əhali üçün bunun necə baş verəcəyi barədə çox suallar mövcuddur. Görünən odur ki, əhalinin gözü hələ bir xeyli müddət yolda qalacaq.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 3371