Fonda müraciət edənlərin sayı 300 mini ötdü

Fonda müraciət edənlərin sayı 300 mini ötdü


16:49     05 Fevral 2016 fond4.jpg

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” elektron xidməti üzrə ötən il 314 mindən çox istifadə sayı qeydə alınıb.


Dövlət Sosial Müdafiə Fondundan Femida.az-a verilən məlumata görə, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir.

Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında fəaliyyət göstərən “Yardım masaları”nın xidmətindən yararlanmaqla, öz hesabatlarını elektron formada təqdim edirlər. Bu xidmət sığortaedənlərlə Dövlət Sosial Müdafiə Fondunun orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaratmaqla, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Qeyd edək ki, “Elektron hökumət” portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ildə Fondun öz saytı, “Elektron Hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan artıq istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Açar sözlər:

Oxunub: 904