Energetika Nazirliyində mühüm görüş


22:50     05 Fevral 2016 b7c924660e1f0232171020fe4cd1f212.jpg

Azərbaycan Energetika Nazirliyində Avropa Komissiyasının Enerji Birliyi katibliyinin direktoru Yanez Kopaçla görüş keçirilib.


Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinin hazırkı səviyyəsi və gələcək perspektivləri müzakirə edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi vurğulanaraq, “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən və layihənin icrasının uğurlu gedişatından bəhs edilib. Bildirilib ki, neftin qiymətinin kəskin şəkildə düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf edir və enerji layihələri icra olunur.

Energetika naziri Natiq Əliyev Azərbaycanın yanacaq-enerji resurslarına olan tələbatını tam ödəyərək neft məhsulları ilə yanaşı qaz, elektrik enerjisinin ixracını da həyata keçirdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda enerji sektorunun əsas prioritetlərindən biri elektrik enerjisi ilə bağlı itkilərin azaldılması və enerji səmərəliliyinə nail olmaqdır. Bu məqsədlə Energetika Nazirliyi tərəfindən hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramı (2015-2025-ci illər)” və “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2015-2025-ci illər) üzrə Dövlət Proqramı" layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, bu istiqamətdə Enerji Birliyinin tövsiyələri və köməyindən bəhrələnmək faydalı olardı.

Y. Kopaç isə enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsinə texniki dəstək göstərməyə, İNOGATE regional enerji proqramı çərçivəsində yeni mərhələdə əməkdaşlığın inkişaf etdirilməsinə və islahatların aparılmasına kömək etməyə hazır olduqlarını bildirib.

Avropa İttifaqının daxili enerji bazarının genişləndirilməsi məqsədilə 2006-cı ildə təsis edilmiş Enerji Birliyində tamhüquqlu və müşahidəçi qismində ölkələrin iştirakı mövzusuna da toxunan Y. Kopaç Azərbaycanı da gələcəkdə bu sırada görməkdən məmnun olacağını diqqətə çatdırıb.

Müzakirələr əsasında gələcəkdə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Enerji Birliyi arasında Protokol”un imzalanmasına hazırlıq barədə razılıq əldə olunub.

Açar sözlər:

Oxunub: 653