“Leksusun sürücüsü niyə dindirilmir?”– Müəmmalı qəza ilə bağlı vəkildən AÇIQLAMA


16:12     06 Fevral 2016 12669105_731236190345914_367781175_o.jpg

“Ekspert əvvəlcə verdiyi rəyi məhkəmədə təkzib etdi”.


Bu sözləri Femida.az-a açıqlamasında müəmmalı yol qəzasında təqsirli bilinən Əzizbala Məmmədovun vəkili İlqar Əliyev deyib.

Vəkil həmin qəza ilə bağlı bəzi qaranlıq məqamlara nəzər yetirdi:

“Qəza ilə bağlı qaranlıq qalan məqamları qeyd etmək istəyirəm:

- “KİA”-nın “Nissan”a arxadan toxunaraq onun əks zolağa sürüşməsində günahkar olduğu iddia edilsə də, videodan “KİA”-nın öndə olması açıq aydın görünür, eyni zamanda maşının və təkərinin üzərində əzik, cızıq izləri də yoxdur. (çox qəribədir ki bunu ekspertlərin özləri də məhkəmə ifadələrində təsdiq ediblər, buna rəğmən rəydə yazılanlarında səhv olmasını qəbul etmirlər, baxmayaraq ki, bunlar bir-birinə zidd ifadələrdir).

-Ekspertin biri bildirir ki, maşınlar toqquşub. Digər ekspert isə bildirdi ki, maşınların boyaları bir birinə toxunmayıb. Bu, necə ola bilər ki, boyalar bir-birinə toxunmayıb, lakin maşınlar toqquşmuş hesab olunur.

- Arxadan gələn "lexus"un sürücüsü dindirilmir, ancaq onun sürücüsü qəzanın canlı şahididir. (maşında videoregistratorun olması da istisna deyil).

- Təqsirləndirilən Əzizbala qəzadan sonra hadisə yerindən qaçmaqda ittiham edilir. Halbuki bunu heç kəs sübut edə bilmir, nə yolun sonunda olan kameralara baxılmayıb (baxılsa, “KİA”-nın oradan nə vaxt keçdiyi bilinərdi), nə də şahid dindirilməyib (bir neçə işə aidiyyatı olmayan şahidlər var).

- Əzizbaladan spirt yoxlanışı üçün qan analizi həmin gün götürülsə də, “Nissan”ın sürücüsündən bu, bir neçə gün sonra götürülür. Qadından bankada götürülən qan analizi hansısa müəmmalı səbəbdən ekspertlərə "şprits"də verilir.

- Qəza iyul ayının 9-da baş verir. İstintaq beş aydan sonra icraatı dayandırır ki, təqsirli şəxs müəyyən olunmayıb. Müstəntiq bir günün içərisində (14 noyabr) Əzizbalanı təqsirli şəxs hesab edir, həm onu cinayət işinin bütün materialları ilə tanış edir, həm də prosesi sonlandırıb məhkəməyə göndərir. Bütün bu proses bir gündə baş verir.

Qeyd edək ki, Əzizbala Məmmədov adlı şəxsin idarə etdiyi avtomobil 09.07.2015-ci il tarixində saat təxminən 18:30 radələrində Masazır duz gölü yaxınlığında, Novxanı qəsəbəsi istiqamətində gedərkən ağır yol qəzası baş verib. Əzizbala Məmmədov qəzanı törətməkdə şübhəli bilinir. Hazırda iş məhkəmədədir.

Hadisə ilə bağlı növbəti məhkəmə prosesi 12 fevral saat 09:45-də keçiriləcək.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 7447