“Azəryolservis”dən işsizlərə şad xəbər


19:56     08 Fevral 2016 azeryolservis_yeni_logo_070116.jpg

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir.


Dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.

Eyni zamanda bütün ölkə daxili yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son illər Dövlət proqramları çərçivəsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.

Bu çərçivədə kənd yollarının yenidənqurulması da xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki,son iki il ərzində prezident İlham Əliyev tərəfindən kəndlərarası avtomobil yollarının tikintisi üçün 685 min əhalinin yaşadığı, 423 yaşayış məntəqəsini birləşdirən 962 kilometr uzunluğunda yolun ikintisi üçün 32 şəhər və rayon üzrə 41 sərəncam imzalanıb.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev bu il regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, xüsusən də kənd yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Ölkə başçısı kənd yollarının tikintisinin eyni zamanda bölgələrdə işsizliyin aradan qaldırılması üçün də vacib amillərdən biri olduğunu deyib.

Prezident İlham Əliyev tərəfindən kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu da Cəmiyyətin üzərinə əlavə məsuliyyət qoyur.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti prezident İlham Əliyevin kənd və qəsəbə yollarının tikintisinin aparılması istiqamətində tövsiyyə və göstərişlərinə əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakı şəhərində və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparır.

Yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər. Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.

Onu da əlavə etmək yerinə düşərdi ki, ölkə başçısının yerli istehsalın daha da gücləndirilməsi istiqamətində verdiyi tövsiyyə və tapşırıqlarına əsasən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətiyolların tikintisi, yenidənqurlması və təmiri zamanı yerli tikinti materiallarıdan istifadə edir. Elə"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev kənd yollarının tikintisində bizim xarici komponentə heç bir ehtiyacımız olmadığını vurğulayıb.

Bir sözlə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yol infrastrukturunun yenilənməsi, xüsusi ilə də kəndlərarası yolların tikintisi ilə bağlı prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən növbəti aylar və illərdə də sözügedən prosesin reallaşdırılması istiqamətində mühüm addımlar atılmağa davam etdiriləcək.


Açar sözlər:

Oxunub: 1607