“İnsanların faciəsi üzərində pul qazanmaq şərəfsizlikdir”


20:15     02 İyun 2015 femida1429875778Fezail%20Agamali.jpg

Fəzail Ağamalı: “Əgər hansısa yüksək vəzifəli məmur faciəvi yanğın hadisəsinin arxasında ola-ola başqasını qurban verməklə özünü sığortalamağa çalışsa, bu, əslində, Azərbaycan dövlətçiliyinin təməlini qazanmaq, onu məhv etmək cəhdindən başqa bir şey olmayacaq”


Bir neçə gün öncə Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş verən faciəvi yanğından sonra ölkə başçısının keçirdiyi müşavirədə səsləndirdiyi sərt fikirlər bəzi məmurları qorxuya salıb. Artıq hakim komandanın üzvləri özlərini müdafiə etmək üçün bir-birilərinə qarşı çıxmaqdan da çəkinmirlər. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib ki, sözügedən hadisədə təqsiri olan məmurlar sərt şəkildə cəzalandırılmalıdır:

- Baş verən hadisə kifayət qədər faciəvidir. Bu hadisə hər bir azərbaycanlıda dərin kədər hissi doğurur. Bir daha orada dünyasını dəyişənlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Baş verən hadisəyə ölkə prezidenti səviyyəsində qiymət verildi, münasibət ifadə olundu. Hesab edirəm ki, prezidentin bu mövqeyi onun Azərbaycan xalqına, hər bir vətəndaşa sevgisindən, diqqətindən irəli gəlir. Tamamilə əminəm ki, ölkə prezidentinin baş verən faciə ilə bağlı keçirdiyi toplantıda söylədiyi fikirlər hər kəs üçün ciddi mesajdır. Faciə ilə bağlı bütün təqsirkarlar – kimliyindən, hansı vəzifədə çalışmalarından asılı olmayaraq – qanun qarşısında cavab verəcəklər.
Bilirsiniz, insanı düşündürən bir məsələ var. Necə olur ki, bu cür keyfiyyətsiz, yanğına davamlı olmayan və böyük faciəyə səbəb olan üzlüklər geniş şəkildə Bakıdakı yaşayış binalarına vurulur. Bu üzlüklər, bundan öncə Xətai rayonunda və digər yerlərdə də yanğına səbəb olmuşdu. Necə olur ki, bu cür üzlüklərin binalara vurulmasının qarşısı alınmayıb?

- Bu sual çoxlarını düşündürür...

- Çünki çox düşündürücü məsələdir. Pul qazanmaq olar, amma daha bu şəkildə yox! Yaxşı yaşamaq hər bir insanın arzusudur, bunu da başa düşmək olar. Lakin insanların faciəsi üzərində pul qazanmaqdan böyük şərəfsizlik, ləyaqətsizlik ola bilməz. Həmin 15 nəfərin ölümü üzərində qazanılan pullara sahib çıxanlar, bu prosesdə iştirak edən hər bir kəs Azərbaycan qanunları qarşısında cavab verməlidir.
Yeri gəlmişkən onu da deyim ki, mənim övladlarımın yaşadığı bina da həmin üzlük materialı ilə örtülüb. Hər an orda da ciddi hadisə baş verə bilər. Nərimanov rayonunda və digər ərazilərdə yerləşən binaların üzlükləri hansı səviyyədə yoxlanılır, niyə bu məsələdə süründürməçiliyə yol verilir, mən bunu başa düşə bilmirəm?

Ölkə başçısı birmənalı olaraq, həmin üzlüklərin sökülməsi ilə bağlı göstəriş verdi. Niyə onlar birdəfəlik sökülərək ləğv olumur? Hansı analiz aparılır, niyə süründürməçilik edirlər, nəyi gözləyirlər? Mənim fikrimcə, hər hansı ekspertiza aparılmadan həmin materialla üzlənən binaların üzlükləri dərhal sökülməlidir ki, növbəti faciələrin qarşısı alınsın.

- Amma həmin üzlük materiallarının alınıb binalara vurulmasına böyük vəsait sərf olunub. Bəs, dövlətin bu pullarının hesabını kim verməlidir?
- Bunu istintaq müəyyənləşdirməlidir. Dövlətə dəymiş zərər kimlər tərəfindən həyata keçirilibsə, onlar buna cavab verməlidir.

- Bu hadisədə korrupsiya faktının olması ilə bağlı da fikirlər səslənir...

- Baş vermiş faciə sırf korrupsiya ilə əlaqələndirmək hələ çox tezdir. Faciə ilə bağlı qanunvericilik aktlarının gücləndirilməsi və icrasında ciddi addımların atılması zəruridir. Düşünürəm ki, baş vermiş faciənin icra orqanlarındakı problemlərlə hansısa bağlılığı var. Sadəcə olaraq, bütün sahələrdə olduğu kimi, icra orqanlarında çalışanların məsuliyyəti artırılmalıdır. Ola bilsin ki, bununla bağlı qanunvericilik aktlarında və icrasında da ciddi addımlar atılsın. O ki qaldı bu faciənin sırf korrupsiya ilə bağlı olmasına, ölkədə korrupsiyaya və məmur özbaşınalığına qarşı həmişə mübarizə aparılır.

- Fəzail müəllim, bu materialların yaşayış binalarına vurulması bu qədər zərərli və təhlikəli idisə, bunun sökülməsi üçün insan tələbatının baş verməsini gözləməliydik? Sizcə, burada hansısa dövlət qurumunun məsuliyyətsizliyi yoxdur?

- Məsuliyyətsizlik var. Biz bu məsuliyyətsizliyin ucbatından hər zaman böyük faciələrlə üzləşmişik. Torpaqlarımız da məsuliyyətsizlikdən gedib, itkilərimiz də məsuliyyətsizlikdən olub. İnsan faciəsi ilə nəticələnən həmin yanğında bir başa məsuliyyətsizliyin nəticəsidir. Mənə elə gəlir ki, bu və buna bənzər hadisələrin başlıca səbəbi məmur məsuliyyətsizliyidir.

- Konkret ünvan göstərə bilərsinizmi? Sizcə, bu məsələdə hansı qurum, hansı məmur məsuliyyətszilik edib?

- Mən heç zaman gümanlar üzərində fikir bildirməmişəm. Bu gün də, gümanlar üzərində hər hansı fikir bildirmək istəmirəm. İstintaq başlayıb, araşdırma aparılır. Əminəm ki, istintaqın gedişi, araşdırmaların nəticəsi obyektiv olaraq ortaya qoyulacaq və bu faciədə kim təqsirkardırsa, öz cəzasını alacaq.

- Hadisə baş verəndən sonra mətbuatda müxtəlif versiyalar irəli sürülür. O fikirlər də səslənir ki, hadisə yeni baş verdiyinə və ictimaiyyətdə gərginlik olması səbəbindən hakimiyyət görüntü yaratmağa çalışır. İddia edilir ki, xırda vəzifəli məmurları məsuliyyətə cəlb etməklə, əsas təqsirkarları kənarda qoyacaqlar.

- Mən belə güman etmirəm. Əvvəla həmin şirkətlə və o cür keyfiyyətsiz üzlüklərin yaşayış binalarına vurulması ilə hansısa məmurun bağlı olub-olmaması barədə məlumatım yoxdur. Hətta yüksək vəzifəli məmur da, bu cinayətdə yer alıbsa, o da cəzasını almalıdır. Çünki ölkə prezidentinin söylədiyi kimi, hər kəs qanun qarşısında cavab verməlidir, heç kim qanunsuzluq sipərinə malik deyil. Nə qanunlarımız, nə də Azərbaycan xalqı kiməsə istədiyi kimi hərəkət etmək səlahiyyəti verməyib. Əgər hansısa yüksək vəzifəli məmur faciəvi yanğın hadisəsinin arxasında ola-ola başqasını qurban verməklə özünü sığortalamağa çalışsa, bu, əslində, Azərbaycan dövlətçiliyinin təməlini qazmaq, onu məhv etmək cəhdindən başqa bir şey olmayacaq.

- Fəzail müəllim, dövlət başçısının son müşavirəsində başqa bir diqqətçəkən məsələ məmurlara məxsus villaların sökülməsi ilə bağlı oldu. Sizcə, milyonlarla qiyməti olan həmin villaların sahibləri kimlərdir və bu villalar qanunsuzdursa, necə tikilib?

- Əgər alın təriylə, vicdanla qazanılırsa, Allah da, dövlət də, Azərbaycan xalqı da prezident də onun halal olduğunu qəbul edir. Alın təriylə qazanılan pulla tikilən ev hər hansı problem yarada bilməz. Fərqi yoxdur, istər adi evlər, istərsə də villalar qanun çərçivəsində tikilməlidir.

Biz hüquqi dövlət qururuq, hüquqi dövlət isə hər şeyin qanun çərşivəsində həll olunmasını tələbedir. Bütün münasibətlərin qanun çərçivəsində tənzimlənməsi olduqca vacibdir. əgər hər hansı məmur imkanlarından və səlahiyyətlərindən istifadə edib qanunsuz addımlar atırsa, böyük imkanlara sahib olursa, eyni zamanda, yaxın adamları vasitəsiylə qanunsuz villalar tikdirisə, artıq bunun bir adı var: harınlıq və qanunlara tüpürmək! Kim bu cür addımlar atırsa, cavabını almalıdır. Artıq yetər. Azərbaycan dünyanın ən çox diqqət verdiyi ölkələrdən biridir. Bütün mənalarda Azərbaycan diqqət mərkəsindədir. Təbii ki, bədxahlarımız da var. O bədxahlarımız bu cür xoşagəlməz hadisələrdən istifadə edərək, Azərbaycanın üstünə gəlirlər. Biz elə etməliyik ki, bu cür hallara rəvac verilməsin. Əgər kimsə haram pulla, dövlətin 6 milyard manatını oğurlayaraq, harınlıq yolunu tutaraq, bu cür addımlar atırsa, onlar bağışlanmalı deyil. Onlar Azərbaycan qanunları ilə ən sərt şəkildə cəzalandırılmalıdır ki, hər kəsə ibrət olsun. Çünki biz müstəqil dövlətimizi qorumaq mərhələsini yaşayırıq. Biz bu gün müstəqil, hüquqi və demokratik Azərbaycan dövlətinin təməl daşlarını qoymaqda davam edirik. Bu təməl daşları üzərində haramlıq olmamalıdır. Bu təməl daşı üzərində qurulan Azərbaycan dövləti gələcək nəsillər üçün qalaya bənzər bir quruluş olmalıdır. Bu missiya biz nəslin üzərinə düşüb. Ona görə də, hər birimiz bu məsuliyyəti başa düşərək, dərk edərək, gələcək nəsillər üçün təmiz, güclü, qüdrətli, demokratik, hüquqi dövlətin qurulması üçün şərəflə, namusla, vicdanla işləməli və əlimizdən gələni əsirgəməli deyilik.

- Beynəlxalq Bankla bağlı məsələyə özünüz də toxundunuz. Hazırda bu yöndə araşdırma aparılır, hətta həbs edilənlər də var. Necə düşünürsünüz, “maliyyə xəyanəti” adlandırılan bu proses nə ilə nəticələnəcək?

- Bu, oğurluqdur, böyük bir cinayətdir, Azərbaycan dövlətinin sərvətini talamaqdır. Azərbaycan xalqının cibinə girməkdir. Hesab edirəm ki, belə insanlara güzəşt edilməli deyil.

Bu barədə mətbuatda müxtəlif məlumatlat yer alıb. Bilmirəm onların nə qədəri həqiqətdir, hər halda, belə bir proses var. Amma istintaq gedir, yəqin ki, daha ətraflı məlumat əldə edə biləcəyik. Adam dəhşətə gəlir ki, bu ölkənin 6 milyard manatı necə talana bilər? 6 milyard olmasın, milyonlarla vəsaitdən söhbət gedir. Bunlar kimdir, bu cəsarəti hardan tapıblar? Bu adamlar doğrudanmı, özlərini toxunulmaz hesab ediblər? Bu dərəcədə harınlayıblar ki, nə dövləti hesaba alıblar, nə də Azərbaycan xalqının qınağını? Tam səmimiyyətlə deyirəm ki, mən bu cür insanlara nifrət edirəm. Əminəm ki istintaqın nəticələrindən sonra bütün həqiqətlər ortaya çıxacaq. Bundan sonra həmin məsələlərlə bağlı daha məsuliyyətli fikir mübadiləsi aparmaq olar.

Açar sözlər:

Oxunub: 829


Oxşar xəbərlər