“Sahibkarlığın inkişafına maneələr aradan qaldırılır” - Ramil Usubov


01:25     11 Fevral 2016 ramil%20usubov%2002123.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Bərdənin icra başçısı Vidadi İsayev son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən abadlıq, quruculuq işləri və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Ramil Usubov çıxış edərək Prezidentin rəhbərliyi altında hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə əlaqəli və səmərəli fəaliyyəti nəticəsində son illər cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə olunmuş müsbət nəticələr barədə qısa məlumat verib.

Daha sonra ölkədə aparılan iqtisadi islahatlara toxunan məruzəçi deyib ki, yeni iqtisadi siyasət nəticəsində maliyyə sistemi sabitləşəcək, bank sektoru mövcud vəziyyətdən çıxacaq və onun davamlı inkişafı və milli valyutamıza etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq.

Nazir qarşıda duran əsas vəzifələrdən də danışıb. O, aparılacaq struktur islahatlarının və neqativ hallara qarşı mübarizənin gücləndirilməsinin izafi xərclərin qarşısını alacağını, dövlət idarəçiliyi sisteminin çevikliyini və səmərəliliyini artıracağını, eyni zamanda, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi mənfi amillərin tam aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.

R.Usubov ölkə başçısı tərəfindən dövlət qurumlarının və icra strukturlarının qarşısında iş adamları üçün lazımi şəraitin yaradılmasının bir vəzifə kimi qoyulduğunu, son aylar kənd təsərrüfatında, sənayedə, biznes mühitində daha çevik idarəetmə mexanizmlərinin tətbiq edildiyini, sahibkarlığın inkişafına maneələrin qanunvericilik səviyyəsində aradan qaldırıldığını, kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu məqsədlə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın və obyektivliyin, bu sahədə çoxpilləliyin təmin edilməsi, şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı tərəfindən cari il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılması haqqında fərmanlar imzalandığını xatırladıb.

Azərbaycanın iqtisadi inkişafının baza sütunlarından birinə çevrilən, 2004-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə 3 Dövlət Proqramının qəbul edildiyini və onların icrasının əhəmiyyətini vurğulayan nazir R.Usubov bu konseptual sənədlərin ölkəmizin sürətli inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasında, bölgələrin simasının xeyli dəyişməsində, müasirləşməsində mühüm rol oynadığından söz açıb. Həmçinin, hazırda 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icra olunduğunu bildirərək həmin sənəddə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməsinə, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaratdığına diqqəti çəkib. Dövlət proqramlarının icrası çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdədə də böyük işlər görüldüyünü, bu məqsədlə rayonda müxtəlif təyinatlı obyektlərin istismara verildiyini xatırladıb.

Nazir vurğulayıb ki, dövlət başçısı rayonda görülmüş işlərlə tanış olmaq üçün 2004-2015-ci illərdə 7 dəfə Bərdə rayonuna səfər edib.

R. Usubov yerli sahibkarların ölkə iqtisadiyyatına daha çox sərmayə qoymaları, bunun üçün icra qurumlarının lazımi şərait yaratması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi, sahibkarların işinə hər hansı müdaxilənin yolverilməzliyi, onların bu işə həvəsləndirilməsi, istehsal olunan məhsulun satılması üçün əlverişli şəraitin yaradılması, məhsulun saxlanılması məqsədilə xüsusi anbarların, bazaların inşa edilməsi, bölgələrdə sənaye zonalarının yaradılması və s. kimi mühüm vəzifələrin də qarşıya qoyulduğunu diqqətə çatdırıb.

Bu istiqamətdə önəmli məsələlərdən biri kimi bankların sahibkarlara güzəştli kreditlər verməsinin, iri fermer təsərrüfatlarının yaradılmasının, aqrar bölgələr içərisində pambıq istehsalına görə həmişə öndə olan Bərdədə pambıqçılığın inkişafının, rayonda pambıqtəmizləyici zavodların, əyirici kombinatların, toxuculuq fabriklərinin tikilməsinin, Qarabağ bölgəsində ənənəvi sənət növlərindən biri kimi xalçaçılığın bərpasının, yerli icra orqanlarının öz işlərini məqsədyönlü qurmalarının, təşəbbüskar olmalarının, həmçinin, vətəndaşlarımızın mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin, məmur-vətəndaş münasibətlərinin, təhsillə bağlı məsələlərin hər zaman diqqətdə saxlanılmasının vacibliyini nəzərə çatdırıb.

Görüşdə çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri İlham Əliyevin antiböhran tədbirlərini, yerlərdə biznes mühitinin inkişafına yönəlmiş qətiyyətli addımlarını dəstəklədiklərini bildiriblər, bu istiqamətdə bəzi arzu və təkliflərini səsləndiriblər, göstərilən ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.

R.Usubov görüşdə səslənmiş təklif və müraciətlərin aidiyyəti üzrə baxılıb həllinə köməklik göstəriləcəyini qeyd edib.

Görüşdə Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc iştirak edib.

Açar sözlər:

Oxunub: 913


Oxşar xəbərlər