Azərbaycan Konqreslər Bürosundan növbəti görüş


20:00     11 Fevral 2016 1451110206-mct_nazirlik.jpg

İşgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu növbəti görüşü keçirib.


Femida.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Büronun bu dəfəki qonağı Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) icraçı direktoru cənab Mark Sirk olub.

Səfərin əsas məqsədi Azərbaycanda konfransların təşkili üçün fəaliyyət göstərən infrastrukturla tanış olmaq olub. Cari ilin 7-9 fevral tarixlərində ölkəmizdə səfərdə olan Sirk, İCCA-nın Azərbaycandan olan digər üzvləri Baku Boulevard Hotel və Heydər Əliyev Mərkəzini ziyarət edib. Ölkəmizə ilk dəfə səfər edən Sirk burada gördüklərinə, xüsusi ilə də şəhərə heyranlığını ifadə edib.

Səfər çərçivəsində Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov və Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Sengstschmid ilə görüşən cənab Sirk Azərbaycanın turizm perspektivlərini də müzakirə edib.

Dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından olan İCCA, dünyanın 100 ölkəsində fəaliyyət göstərən 1000-dən çox beynəlxalq Görüşlər Sənayesi bazarı təmsilçilərini bir araya gətirir.

Bu beynəlxalq assosiasiyaya 2014-cü ilin yanvarından üzv olan Azərbaycan Konqreslər Bürosu İCCA-nın ölkəmizdən olan digər iki üzvü Heydər Əliyev Mərkəzi və Baku Boulevard Hotel ilə birgə Azərbaycanın Görüşlər Sənayesini inkişaf etdirmək üçün səylərini gücləndirir.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan ilk dəfə olaraq dünya görüş məkanları və bölgədə ən yaxşı göstəricilər üzrə beynəlxalq assosiasiya görüşləri reytinqinə daxil olub.

Açar sözlər:

Oxunub: 905