Türkiyə Suriyaya müdaxilə edəcəkmi?


14:24     15 Fevral 2016 turkeyy.jpg

Cenevrə danışıqlarının Əsəd rejiminə vaxt qazanmaqdan başqa bir şey olmadığı aydın oldu. BMT təhlükəsizlik şurasının 2254 saylı qətnaməsi işlədilmədiyi üçün proses çökdü. Obrazlı şəkildə ifadə etsək, “prosesin” uğurunu deyil, var olmasına əhəmiyyət verən ABŞ, bu danışıqlarda təşəbbüsün Rusiyanın əlində qalmasını davam etdirir.


Danışıqlara bu şəkildə ara verilməsi Rus-Əsəd qüvvələrinə əlavə divident qazandırır ki, onlar muxaliflərə qarşı əməliyyatını daha da sürətləndirsinlər.

Hələbin xarici aləmlə əlaqəsini təmin edən yeganə xətt olaraq Kastillo yolu da Əsəd güclərinin əlinə keçərsə, artıq Suriyada mövcud vətəndaş müharibəsi geri dönüşü olmayan yeni bir mərhələyə girəcək. Böyük bir insani dram yenidən yaşanacaq. Bu proseslə yeniden 1,2 milyon qaçqının Türkiyəyə axın etməsi gözlənilir. Suriyanın şəhər və kəndlərində baş verən qətliamları da sayarsaq, bu insani dramın daha da dərinləşəcəyini əminliklə söyləmək olar.

Bu prosesin gedişi bizə onu deməyə əsas verir ki, “Rusiyanın fəal,ABŞ-in passiv dəstəyi ilə” Əsəd rejimi vətəndaş müharibəsinin ən başından hədəflədiyi nöqtəyə gəlməyi bacardığını qeyd edək. Məhz belə bir məqamda dünya ictimayyətinin diqqəti İŞİD-lə mübarizəyə istiqamətlənəcəq və obrazlı şəkildə ifadə etsək, filmin xoşbəxt sonluğu hazırlanmış olacaq.

Bu sonluğun ən çox Türkiyə və Səudiyyə Ərəbistanı narahat edəcəyi və geosiyasi və ekzistensial bir təhlükəyə sürükləyəcəyi məlum məsələdir. Suriya müharibəsinə birbaşa daxil olmaq hər iki ölkə üçün çox çətin qərardır. Bundan əlavə, dəstəklədikləri müxalif qüvvələrin tamamilə ləğvi eyni ölçüdə çətindir. Türkiyə PYD və Əsəd rejimi ilə əhatə olunmuş olacaq və həmçinin 3,4 milyon Suriyalı qaçqına ev sahibliyi etmiş olacaq.

İranın nüfüz dairəsinin genişlənməsi və artan sünni radikalizmini özünə təhdid sayan Səudiyyə Ərəbistanı İŞİD-lə mübarizə aparmaq üçün quru qoşunları göndərməyə hazır olduğunu açıqlayıb.

Türkiyə prezidenti R.T Ərdoğan da Latın Amerikası ölkələrinə səfərdən sonra öz açıqlamasında Suriyada cərəyan edən proseslərdən narahatlığını ifadə etdi. Ərdoğan Suriya böhranın yeganə həll yolu kimi Cerablus-Əziz xəttində terrordan təmizlənmiş bir bölgə yaratmaq və bu bölgədə şəhərlər yaradılması fikrini söylədi. Rusiya və İranı tənqid edərək qərb dünyasını həllə dəstək verməyə çağırdı. Ərdoğan həmçinin Türkiyənin mövqeyi ilə də bağlı kritik bir cümlə işlətdi ki, “İraqda yol verilən səhvə, Suriyada yol vermək istəmirəm” . Buradan belə başa düşülür ki, Ərdoğan NATO səviyyəsində bir müdaxilə istəyir, amma bu ehtimalın da nə qədər zəif olmasının da fərqindədir.

Geriyə iki ehtimal daha qalır, Birinci ehtimal ondan ibarətdir ki, içində Səudiyyə Ərəbistanın da olduğu dar çərçivəli bir koalisiyayla müdaxilə. Bu, ABŞ-ın dolayı yolla dəstəklədiyi çərçivədə olsa, Suriya məsələsinə tarazlıq gətirmək olar. Əks halda, Suriya müharibəsinin tamamilə bir regional müharibəyə çevrilmək ehtimalı çox yüksəkdir. İkinci variant isə Türkiyənin Suriyaya tək başına müdaxiləsidir. Ən çətin seçim də elə budur. Hadisələrin bu cür cərəyan etməsi onu deməyə əsas verir ki, ikinci ehtimalın həyata keçrilməsi daha real görünür.

Cəbrayıl Fərzəliyev
Femida.az üçün

Açar sözlər:

Oxunub: 1656